TÜRKPA “Demokratik seçki standartları haqqında MDB Konvensiyası”nın 20 illiyinə həsr edilmiş konfransda iştirak edib
6 oktyabr 2022

6-7 oktyabr 2022-ci il tarixlərində Baş katib Mehmet Süreyya Er Sankt-Peterburq şəhərində keçirilən “Demokratik seçki standartları haqqında MDB Konvensiyası: beynəlxalq əməkdaşlıq üçün açıq məkan” adlı konfransda iştirak etmişdir. MDB Parlamentlərarası Assambleyası, MDB İcraiyyə Komitəsi və Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbir MDB-nin “Demokratik seçki standartları, seçki hüquq və azadlıqları haqqında Konvensiyası”nın 20 illiyinə həsr olunmuşdur.

Konfransa parlamentarilər, beynəlxalq təşkilatların və müxtəlif ölkələrin seçki idarəetmə orqanlarının nümayəndələri, ekspertlər də daxil olmaqla 200-dən çox iştirakçı qatılmışdır.

İki gün davam edən tədbirin proqramına “Demokratik seçki standartları”, “Gənclərin seçimi”, “Seçkilərin təşkili üzrə qabaqcıl təcrübələr” və “Seçki müşahidəsi” mövzularında dörd dəyirmi masa daxil olmuşdur. İştirakçılar öz ölkələrində seçkilərin idarə olunmasına dair təcrübələrini bölüşmüşdür. Müzakirələrdə seçki və referendumların keçirilməsində demokratik standartların tətbiqi, qabaqcıl təcrübə və innovasiyalar, qadınların və gənclərin seçki prosesində iştirakı, seçki və referendumların beynəlxalq müşahidəsi ətrafında müzakirələr aparılmışdır.

Oktyabrın 7-də Baş katib Mehmet Süreyya Er konfransın təntənəli plenar iclasında çıxış etmişdir. Seçkilər və referendumların xalqın iradəsinin ifadəsinin əsas forması olduğunu qeyd edən Baş katib seçki prosesinin açıqlığı və şəffaflığının təmin edilməsində seçki müşahidə missiyalarının rolunu xüsusi vurğulamışdır. O, TÜRKPA və MDB PA-nın seçki müşahidə missiyaları arasında keçirilən görüşlərə toxunaraq, belə görüşlər zamanı təcrübə və fikir mübadiləsinin müşahidə prosesinin təkmilləşdirilməsinə və hər iki qurumun əməkdaşlığının inkişafına töhfə verdiyini qeyd etmişdir.

Konfrans çərçivəsində Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası və Qırğız Respublikasının Seçki və Referendum üzrə Mərkəzi Komissiyasının birgə təşkilatçılığı ilə “Seçki prosesində qabaqcıl texnologiyalar” adlı sərgi də keçirilmişdir.