TÜRKPA “Qırğızıstan Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgidə iştirak edib
24 oktyabr 2022

24 oktyabr 2022-ci il tarixində Baş katibin müavini Talqat Aduov və komissiya katibi Kunduz Rustembekova Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş “Qırğızıstan Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgidə iştirak etmişdir.

Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşkil etdiyi sərginin ekspozisiyasına gənc rəssamlar və peşəkarların 120-dən çox əsərləri daxil edilmişdir.

Tədbirin açılış mərasimi Qırğız Respublikasının səfiri Kayrat Osmonaliyevin çıxışı ilə başlamışdır. İki ölkə arasında tarixi və mədəni ənənələrin ümumiliyini vurğulayan Osmonaliyev, bu cür layihələrin mədəniyyətlər arasında körpü rolunu oynayacağını və Qırğızıstanla daha yaxından tanış olmaq imkanı yaradacağını qeyd etmişdir.

Sərgidə diplomatik nümayəndəliklər, beynəlxalq təşkilatlar, elmi dairələrin nümayəndələri və mədəniyyət xadimləri iştirak etmişdir.