TÜRKPA Litva karaimləri ilinə həsr olunmuş konfransda iştirak etmişdir
28 oktyabr 2022

28 oktyabr 2022-ci il tarixində Baş katibin müavini Nooruzbek Arstanbekov Litva Respublikasının Bakıdakı səfirliyinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə təşkil etdiyi Litva karaimlərinin tarixi və mədəniyyəti ilinə həsr olunmuş “Litva karaimləri” konfransında iştirak etmişdir.

Tədbirdə rəsmilər, diplomatik korpusun nümayəndələri, o cümlədən Litva karaimləri, ictimai xadimlər iştirak etmişdir.

Konfransda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Litva Respublikasının Azərbaycan Respublikasındakı səfiri Egidius Navikas, Litva karaimləri Mədəniyyət Assosiasiyasının sədri Karina Firkaviçute və digər qonaqlar çıxış etmişdir. İştirakçılar öz çıxışlarında Litva karaimlərinin tarixi köklərinə, onların Litva cəmiyyətində yeri və roluna toxunmuşdur.

Tədbir çərçivəsində karaimlərin mədəniyyət və milli geyim nümunələrinin nümayiş olunduğu rəsm sərgisi də təşkil edilmişdir. Karaim musiqiçiləri milli musiqi və mahnılar ifa etmişdir.