Səmərqənd Türk Dövlətləri Təkilatının 9-cu Zirvə Görüşünə evsahibliyi etmişdir
11 noyabr 2022

11 noyabr 2022-ci il tarixində Baş katib Mehmet Süreyya Er Özbəkistanın Səmərqənd şəhərində “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqiyə doğru” mövzusunda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının 9-cu Zirvə Görüşündə iştirak etmişdir.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ev sahibliyi etdiyi Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistanın sabiq Prezidenti, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və TDT-nin Baş katibi Bağdad Amreyev iştirak etmişdir.

Zirvə görüşü zamanı təşkilata sədrlik Türkiyədən Özbəkistana təhvil verilmişdir. Görüşdə əlaqələrin daha da inkişaf etdirilməsi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin, o cümlədən türk dövlətləri arasında ticarət əlaqələrinin asanlaşdırılmasının vacibliyi müzakirə edilmişdir.

Zirvə görüşündə TDT-nin 2022-2026-cı illər üçün Strategiyasına dair qərarlar, TDT-nin ticarətin asanlaşdırılması strategiyası, sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında saziş, beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında saziş, nəqliyyat əlaqələri proqramı, eləcə də Səmərqənd Bəyannaməsi kimi bir sıra mühüm sənədlər imzalanmışdır.

TDT-də Şimali Kipr Türk Respublikasına (KKTC) müşahidəçi statusu verilmişdir. Zirvə Görüşündə Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qərar da qəbul edilmişdir. Sammitdə TDT-nin Baş katibi və Baş katibin müavinləri, Beynəlxalq Türk Akademiyasının prezidenti və vitse-prezidentinin təyin edilməsi haqqında qərar qəbul edilmişdir. Kubanıçbek Omuraliyev dövlət başçıları tərəfindən növbəti müddətə TDT-nin yeni Baş katibi təyin edilmişdir.

Növbəti Zirvə Görüşünün 2023-cü ildə Qazaxıstanda keçirilməsi qərara alınmışdır.

Görüşdən sonra mükafatlandırma mərasimi keçirilmişdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov “Türk dünyasının ali ordeni” ilə təltif edilmişdir.

Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov türk dünyasının birliyinə və inkişafına verdiyi töhfələrə görə ölümündən sonra Əlişir Nəvai mükafatına layiq görülmüşdür. Mükafat Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarova təhvil verilmişdir.