TÜRKPA Azərbaycan parlamentinin Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirak edib
16 may 2023

16 may 2023-cü il tarixində Baş katib və Baş katibin müavinləri Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirak etmişdir.

Ümumilikdə tədbirə xarici ölkələrdən 228 nümayəndə qatılmışdır. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova dahi şəxsiyyət, müdrik lider Heydər Əliyev haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdür.

İclasda çıxış edən Baş katib Mehmet Süreyya Er bu mühüm hadisə münasibətilə təbriklərini çatdırmış və Heydər Əliyevin siyasi kursunun mühüm istiqamətlərindən biri kimi türk dövlətləri ilə əməkdaşlığın inkişafının Azərbaycanın xarici siyasətində xüsusi yer tutduğunu vurğulamışdır. Baş katib türk dünyasının birliyinin möhkəmləndirilməsi, eləcə də Azərbaycan ilə türk dövlətləri arasında əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu qeyd etmişdir.

Tədbirdə türk və digər dövlətlərin parlamentlərinin sədr və üzvləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri çıxış etmişdir.