TÜRKPA Missiyası Türkiyədə prezident seçkiləri və parlament ümumi seçkilərini müşahidə etmişdir
14 may 2023

Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlamentariləri, həmçinin TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Seçki Müşahidə Missiyası 14 may 2023-cü il tarixində Türkiyə Respublikasında keçirilmiş prezident seçkiləri və parlament ümumi seçkilərinin qısamüddətli müşahidəsini həyata keçirmişdir. Missiyaya Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin və TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov rəhbərlik etmişdir.

Missiyanın müşahidə proqramına Türkiyə Respublikası Ali Seçki Şurasının sədri Ahmet Yener, eləcə də seçkilərdə iştirak edən siyasi partiyaların nümayəndələri ilə görüşlər daxil edilmişdir. Missiya seçkilərin hüquqi çərçivəsini, seçki sistemini və seçki qanunvericiliyinə edilən son dəyişiklikləri nəzərdən keçirmişdir.

Seçki günü Missiya Ankarada seçki məntəqələrini ziyarət etmiş və seçki məntəqələrinin açılışından səslərin sayılmasınadək səsvermə prosesini bütün mərhələlərdə müşahidə etmişdir. Mayın 15-də Missiya müşahidəsinin ilkin nəticələrinə dair mətbuat konfransı keçirmişdir.

Missiya ziyarət etdiyi seçki məntəqələrində ümumi səsvermə prosesini yaxşı təşkil edilmiş və şəffaf olaraq səciyyələndirməklə müsbət qiymətləndirmişdir. Ziyarət edilən səsvermə məntəqələri əlilliyi olan seçicilərin müstəqil şəkildə əlçatanlığı üçün uyğun hesab edilmişdir. Missiya seçki məntəqələrində seçki prosesinin şəffaflığına töhfə verən yerli müşahidəçilərin mövcudluğunu qeyd etmişdir.

Missiya seçkilərin yüksək seçici fəallığı və siyasi partiyaların fəal iştirakı ilə rəqabətli və plüralizm mühitində keçdiyini vurğulamışdır.

Missiya zəlzələlər nəticəsində köçkün düşmüş seçicilərin seçki hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.

Missiya Türkiyə Respublikasında 14 may 2023-cü il prezident seçkiləri və parlament ümumi seçkilərinin Türkiyə Respublikasının milli qanunvericiliyinə və beynəlxalq seçki standartlarına uyğun keçirildiyi nəticəsinə gəlmişdir.