TÜRKPA Missiyası Türkiyədə seçkilərdə iştirak edən siyasi partiyaların nümayəndələri ilə görüşüb
12 may 2023

TÜRKPA Seçki Müşahidə Missiyası Türkiyə Respublikasında 14 may 2023-cü il tarixində keçiriləcək prezident seçkiləri və parlament ümumi seçkilərinin qısamüddətli müşahidəsinin aparılması məqsədilə Ankaraya səfər etmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin və TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi Missiya Azərbaycan, Qazaxıstan Qırğızıstan parlamentariləri, eləcə də TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət olmuşdur.

Missiya 12 may 2023-cü il tarixində Türkiyədə fəaliyyətə başlamış və seçkilərdə iştirak edən siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirmişdir. Görüşlərdə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini Mevlüt Karakaya, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Tekin Bingöl, Ədalət və İnkişaf Partiyasının (AK Parti) Qrup sədrinin müavini Mustafa Elitaş və “İYİ Parti"nin nümayəndəsi Ayhan Altıntaş Missiyanı seçkiqabağı mühit və 14 may tarixində keçiriləcək seçkilərdən gözləntilər barədə məlumatlandırmışdır.

Missiya ədalətli və şəffaf seçkilərin keçirilməsində uğurlar arzu etmişdir.