TÜRKPA Pİ-nin Məcburi Əmək və İnsan Alverinə dair 5-ci Brifinqində iştirak edib
28 fevral 2023

28 fevral 2023-cü il tarixində TÜRKPA Katibliyinin əməkdaşı Parlamentlərarası İttifaqın gənc parlamentarilər üçün potensialın gücləndirilməsi tədbirləri çərçivəsində təşkil olunmuş Məcburi Əmək və İnsan Alverinə dair 5-ci onlayn Brifinqində iştirak etmişdir.

Brifinqdə gənc parlamentarilər, parlamentlərin əməkdaşları, beynəlxalq təşkilatlar, QHT-lər, özəl sektor və akademik dairələrin nümayəndələri iştirak etmişdir.

5-ci Brifinqin məqsədi gənclərin davamlı olaraq qeyd olunmuş problemlərin qurbanına çevrilməsi səbəbindən insan alveri ilə bağlı məlumatlılığın artırılmasından ibarət olmuşdur. Brifinqdə ekspertlər insan alverinin mahiyyəti, onun kateqoriyaları, real həyatda baş verən hadisələrlə bağlı məruzə və təqdimatlarla çıxış etmişdir. Təqdimatlardan sonra gənc parlamentarilər mövzu ilə bağlı fikir mübadiləsi aparmış, eyni zamanda məcburi əmək və insan alverinin aradan qaldırılması istiqamətində milli təcrübələrə dair məsələləri müzakirə etmişdir.

Gənclərlə bağlı məsələlərə dair üzv dövlətlərin milli siyasətinə töhfə vermək məqsədilə TÜRKPA çərçivəsində 2019 ildə Gənc Parlamentarilər Qrupu təsis edilmişdir. Qrup öz fəaliyyəti ilə gənclərin parlamentlərdə və Assambleyanın işində iştirakını təşviq etmək və TÜRKPA-nın ümumi məqsədlərinə nail olunmasına töhfə vermək məqsədi daşıyır.