Macarıstanda hun-türk xalqlarının Qurultayı keçirilib
12 avqust 2022

12-14 avqust 2022-ci il tarixlərində Baş katib Mehmet Süreyya Er Macarıstanın Buğac kəndində keçirilən hun-türk xalqlarının tayfa yığıncağı - Qurultayda iştirak etmişdir. Tədbir görkəmli alim Andraş Jolt Bironun rəhbərlik etdiyi Macar-Turan Fondu tərəfindən təşkil olunmuşdur.

Tədbirdən öncə avqustun 11-də Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejak parlamentdə türk xalqlarının nümayəndələrini qəbul etmişdir. 7-ci Böyük Qurultayın parlamentdə möhtəşəm açılış mərasimi Şandor Lejakın çıxışı ilə başlamışdır. Mərasimdə Baş katib M. Süreyya Er də çıxış etmişdir.

Həmin gün Baş katibin Şandor Lejak ilə ikitərəfli görüşü keçirilmişdir. Tərəflər cari və gələcək fəaliyyətlər, eləcə də TÜRKPA ilə Macarıstan Milli Assambleyası arasında qarşılıqlı əlaqələrə dair müzakirələr aparmışdır.

Qurultayın əsas hissəsi Buğacda baş tutmuşdur. Baş katib türk xalqlarının, beynəlxalq təşkilatların, diplomatik korpus və akademik dairələrin nümayəndələri, həmçinin digər rəsmilərin iştirak etdiyi Qurultayın açılış mərasimində çıxış etmişdir.

Qurultayda Macarıstan Milli Assambleyasının sədri Laszlo Köver, Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejak, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binali Yıldırım, Dünya Etnoidman Federasiyasının prezidenti Necmettin Bilal Erdoğan, Qırğız Respublikasının mədəniyyət, idman və informasiya naziri Azamat Jamankulov, Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, TÜRKSOY-un baş katibi Sultanbay Rayev, Türk Akademiyasının prezidenti Darxan Kıdırali və Özbəkistan Respublikasının idman nazirinin müavini Avazjon Karimov iştirak etmişdir.

M. Süreyya Er Qurultay çərçivəsində təşkil edilmiş “Macarıstan və Şərq” Forumunda iştirak etmişdir. Baş katib öz çıxışında Macarıstan və türk dövlətləri arasında tarixi və mədəni ortaqlığın zəruriliyindən irəli gələn əməkdaşlığın əhəmiyyətini vurğulamış və qarşılıqlı fəaliyyətin gücləndirilməsində Assambleyanın rolunu qeyd etmişdir.

Forumun yekununda TÜRKPA ilə Macar-Turan Fondu arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.