TÜRKPA Referendum Müşahidə Missiyası Özbəkistanda keçirilən Konstitusiya referendumunu müşahidə edib
30 aprel 2023

Azərbaycan, Qazaxıstan və Türkiyə parlamentariləri, həmçinin TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Referendum Müşahidə Missiyası Özbəkistan Respublikası Mərkəzi Seçki Komissiyasının dəvəti ilə, eyni zamanda öz mandatına uyğun olaraq 30 aprel 2023-cü il tarixində Özbəkistanda keçirilmiş Konstitusiya referendumunun qısamüddətli monitorinqini həyata keçirmişdir.

Missiya müşahidə proqramı çərçivəsində Özbəkistan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev ilə görüşmüşdür.

Missiya Özbəkistanda referendumun təşkili və keçirilməsi ilə bağlı hüquqi çərçivə, referenduma təqdim edilmiş Konstitusiyaya əlavə və dəyişikliklər layihəsini nəzərdən keçirmişdir.

Konstitusiyaya dəyişikliklər layihəsi çoxsayılı təkliflərin əsasında Konstitusiyanın yeni redaksiyada mətninin 65%-nin yenilənməsini nəzərdə tutmuşdur. Bu kontekstdə dəyişikliklər layihəsi Konstitusiya olaraq yeni redaksiyada referenduma çıxarılmış və “Özbəkistan Respublikasının Konstitusiyası haqqında” Özbəkistan Respublikasının Konstitusiya Qanunu layihəsi üzrə referendumun 30 aprel 2023-cü il tarixində keçirilməsi qərara alınmışdır.

Layihədə digər məsələlərlə yanaşı, Özbəkistanın hüquqi statusu, insan hüquq və azadlıqları, dövlətin sosial öhdəlikləri, əhalinin sağlamlığı, ekoloji hüquqlar, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin qorunması və icbari əməyin qadağan edilməsi bağlı təkmilləşdirilmiş müddəalar, həmçinin xüsusi mülkiyyətin toxunulmazlığının təminatı, prezidentin səlahiyyət müddətinin beş ildən yeddi ilə uzadılması, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatının gücləndirilməsi öz əksini tapmışdır. Layihədə parlamentarizmin daha da gücləndirilməsi və parlamentin səlahiyyətlərinin artırılması ilə bağlı dəyişikliklər də yer almışdır.

Referendum günü Missiyanın üzvləri Daşkənddə seçki məntəqələrini ziyarət etmiş, seçki məntəqələrinin açılması və səslərin sayılması da daxil olmaqla, bütün mərhələlərdə səsvermə prosesini müşahidə etmişdir. Missiya səsvermənin gedişatını izləmiş, seçicilər, seçki məntəqələrinin rəsmiləri və yerli müşahidəçilərlə söhbətlər aparmışdır. TÜRKPA Missiyası kütləvi informasiya vasitələrinə müsahibələr vermişdir.

Mayın 1-də Missiya müşahidəsinin ilkin nəticələrinə dair mətbuat konfransı keçirmişdir.

Missiya baş çəkdiyi seçki məntəqələrində ümumi səsvermə prosesini müsbət qiymətləndirmişdir.

Missiya referendum idarəetmə orqanlarının resurslarla təmin olunduğu və referendumun keçirilməsinə peşəkar hazırlaşdığını qeyd etmişdir.

Missiya MSK-nın aşağı səviyyəli komissiyalarına təlimlərin keçirilməsi üzrə işi, hazırlıq prosesinin açıqlığı və şəffaflığının, əlilliyi olan seçicilərin maneəsiz və müstəqil çıxışının təmin edilməsi istiqamətində referendum idarəetmə orqanlar tərəfindən həyata keçirilən fəaliyyəti yüksək qiymətləndirmişdir.

Missiya Özbəkistan Respublikasında 30 aprel 2023-cü il tarixində keçirilmiş Konstitusiya referendumunun Özbəkistan Respublikasının milli qanunvericiliyi və beynəlxalq standartlara uyğun keçirildiyi nəticəsinə gəlmişdir.