Assambleya Şurasının iclası Ankarada baş tutub
28 aprel 2023

28 aprel 2023-cü il tarixində Ankarada Türkiyə Böyük Millət Məclisinin ev sahibliyində TÜRKPA-nın Assambleya Şurasının 12-ci iclası keçirilmişdir.

Şura üzvləri - Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şentop və Baş katib Mehmet Süreyya Er iclasda iştirak etmişdir. İclasda TÜRKPA sədrliyinin Qırğız Respublikasının Joqorku Keneşindən Türkiyə Böyük Millət Məclisinə təhvil mərasimi keçirilmişdir. Parlament sədrləri açılış nitqi ilə çıxış etmişdir. TÜRKPA-nın fəaliyyətdə olan sədri Mustafa Şentop həmkarına təşəkkürünü bildirmiş və Qırğız Respublikası Joqorku Keneşinin sədrliyi dövründə həyata keçirilən fəaliyyəti yüksək qiymətləndirmişdir.

Şura gündəlikdəki məsələləri müzakirə edərək bir sıra mühüm qərarlar qəbul etmişdir. Şura TÜRKPA-nın “Sosial, mədəni və humanitar məsələlər komissiyası”nın adının “Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyası”na dəyişdirilməsinə dair qərar qəbul etmişdir. Şimali Kipr Türk Cümhuriyyəti Məclisi və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə TÜRKPA-da müşahidəçi statusu verilmişdir. Həmçinin, TÜRKPA-nın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində müşahidəçi statusu əldə etməsi üçün müraciətin edilməsi qərara alınmışdır.

Assambleya Şurası TÜRKPA komissiyalarının sədr və sədr müavininin namizədliyini təsdiq etmiş, Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının katibini seçmişdir.