Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyası ekspert qrupunun iclasını keçirib
28 dekabr 2022

28 dekabr 2022-ci il tarixində, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyası çərçivəsində “Reproduktiv sağlamlığın qorunması haqqında” Model Qanun layihəsinin hazırlanması üzrə ekspert qrupunun onlayn formatda birinci iclası keçirilmişdir.

İclasda üzv dövlətlərin parlamentlərinin və müvafiq nazirliklərinin ekspertləri, eyni zamanda TÜRKPA Katibliyinin nümayəndələri iştirak etmişlər.

İclası Baş katibin müavini cənab Talqat Aduov açmış və moderatorluğu Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının katibi Emin Həsənov həyata keçirmişdir. İlk olaraq, Model Qanun layihəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri cənab Adil Vəliyev tərəfindən təqdim edilmişdir. Təqdimatdan sonra üzv dövlətlərin ekspertləri mövzu ilə əlaqədar fikirlərini ifadə etmiş və təkliflərini səsləndirmişdir.

İclasın sonunda iştirakçılar növbəti ikinci görüşün 23 yanvar 2023-cü il tarixində, onlayn formatda keçirilməsi barədə razılığa gəlmişdir.