TÜRKPA İƏT Pİ Konfransının 17-ci sessiyasında iştirak edib
29 yanvar 2023

29-30 yanvar 2023-cü il tarixində Əlcəzairdə, Əlcəzair Xalq Demokratik Respublikasının Parlamentinin evsahibliyində İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Konfransının "İslam dünyası: modernləşmə və inkişaf çağırışları" mövzusunda 17-ci sessiyası baş tutmuşdur.

Baş katib Mehmet Süreyya Erin başçılıq etdiyi TÜRKPA nümayəndə heyəti tədbirdə müşahidəçi qismində iştirak etmişdir. TÜRKPA üzv parlamentlərinin İƏT Pİ nümayəndə heyətləri də 17-ci Konfransa qatılmışdır.

Milli Məclisin sədri Sahibə Qafarova 17-ci Konfransda çıxışında İslam ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması və inkişafının Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd etmişdir. Xanım Qafarova həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və İƏT-ə üzv dövlətlərin Parlament İttifaqının 17-ci konfransı çərçivəsində əməkdaşlığa dair memorandum imzalamaqla və qarşılıqlı şəkildə müşahidəçi statusu əldə etməklə, əməkdaşlıq qurmağa qərar verdiklərini, bu əməkdaşlığın ümumi məqsədlərə xidmət edəcəyinə inandığını bildirmişdir.

Səfər çərçivəsində Milli Məclisin sədri Əlcəzair Milli Xalq Məclisinin sədri İbrahim Bouğali ilə görüşmüşdür. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi məsələsinə diqqət çəkən Bouğali, qeyd etmişdir ki, Əlcəzair xalqı da öz tarixində bənzər hadisələr yaşamış və bu səbəbdən Azərbaycan xalqının əldə etdiyi qələbəyə görə keçirdiyi qürur hissini yaxşı başa düşür, Azərbaycan xalqına sülh və sabitlik arzu edir. O, həmçinin Əlcəzairin qanunverici orqanının Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini dəstəklədiyini və bu çərçivədə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu əlavə etmişdir. Xanım Qafarova Milli Xalq Məclisinin sədrinə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti və şəbəkənin qarşısında duran vəzifələri barədə ətraflı məlumat vermişdir.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop 17-ci Konfransdakı çıxışında Türkiyənin Afrika ölkələri ilə münasibətlərində Qərb ölkələrindən fərqli olaraq birlik prinsipi çərçivəsində “insan yönümlü bir yanaşma” sı olduğunu qeyd etmişdir. Cənab Şentop türk xalqının Afrika ölkələrində yaşayan insanların əhəmiyyətli bir hissəsi ilə tarixi, mədəni və dini bağlılıqlara malik olduğunu vurğulamışdır. O, həmçinin Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun Türkiyəyə səfəri zamanı bir çox mühüm müqavilələrin imzalandığını və daha sonra Türkiyə-Əlcəzair əlaqələrinin bir çox aspektlərdə inkişaf etməyə başladığını bildirmişdir. Cənab Şentop Əlcəzair-Türkiyə münasibətlərinin ikitərəfli əlaqələrdən əlavə Afrika, Aralıq dənizi regionu və İslam dünyasında "böyük sinerji" yaratmaq potensialına malik olduğunu bildirmişdir.

Mustafa Şentop Əlcəzair Milli Xalq Məclisinin sədri İbrahim Bouğali və Millət Şurasının sədri Salah Godcil ilə görüşləri zamanı İstanbulda TBMM-nin ev sahibliyi ilə keçirilən İƏT Pİ-nin 16-cı Konfransında sədrliyi Əlcəzairə təhvil verdiyini qeyd etmişdir. Görüşlər zamanı tərəflər Türkiyə-Əlcəzair əlaqələri kontekstində parlamentlərarası əlaqələrin yaxşılaşdırılmasına dair müzakirələr aparmışdır.

Tədbirin gündəliyinə İƏT Pİ baş katibinin hesabat məruzəsi, spikerlər, vitse-spikerkər, nümayəndə heyətlərinin rəhbərləri və müşahidəçilərin çıxışları, eləcə də İƏT Pİ-nin baş və icraedici komitələrinin digər təşkilati məsələləri daxil olmuşdur.

17-ci Konfransın sonunda Parlament Sədrləri və İslam Əməkdaşlıq Təşkilatına üzv Parlamentlərin nümayəndə heyətlərinin üzvləri və başçıları tərəfindən Əlcəzair Bəyannaməsi qəbul edilmişdir.