TÜRKPA Terrorçuluğa qarşı mübarizə üzrə üçüncü koordinasiya iclası və parlament siyasəti dialoqunda iştirak edib
30 yanvar 2023

30-31 yanvar 2023-cü il tarixində TÜRKPA nümayəndə heyəti BMT-nin Terrorçuluğa qarşı mübarizə Ofisinin ATƏT PA və Qətər Dövlətinin Məşvərət Şurası ilə birgə həyata keçirdiyi parlament assambleyalarının terrorçuluğa qarşı mübarizə üzrə üçüncü koordinasiya iclası və sərhəd təhlükəsizliyinə dair parlament siyasəti dialoqunda iştirak etmişdir. Tədbirdə terrorçuluğa qarşı mövcud tendensiyaların və səylərin birgə nəzərdən keçirilməsini asanlaşdırmaq məqsədilə 16 beynəlxalq parlament assambleyasının nümayəndələri iştirak etmişdir.

Qətər Dövlətinin Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim, Birləşmiş Millətlər Təşkilatının terrorçuluqla mübarizə İdarəsinin direktor müavini Mauro Mediko və ATƏT Parlament Assambleyasının vitse-prezidenti və Terrorla mübarizə üzrə Xüsusi Komitənin sədri Reynhold Lopatka açılış nitqlərində terrorçuluğa qarşı mübarizəni ümumi gündəliyin mövzusu adlandırmışdır. Tədbirdə bütün tərəflərin əməkdaşlıq əsasında birgə fəaliyyəti ilə uğurun əldə oluna biləcəyi qeyd edilmiş və bu kontekstdə, parlament assambleyalarının əhəmiyyəti müxtəlif formalarda ifadə olunmuşdur.

TÜRKPA ilə yanaşı Parlamentlərarası Birlik, Ərəb Parlamenti, Afrika Parlament İttifaqı, Avropa Şurası Parlament Assambleyası, Latın Amerikası və Karib hövzəsi Parlamenti, Aralıq dənizi Parlament Assambleyası və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası kimi müxtəlif regional və qlobal parlament assambleyalarının nümayəndələri prioritet istiqamətlər, beynəlxalq hüquqi bazanın daha yaxşı anlaşılması imkanları və gələcəkdə mümkün birgə təşəbbüsləri müzakirə etmişdir.

İclasda çıxış edən TÜRKPA nümayəndə heyəti tədbir iştirakçılarına Assambleyanın missiyası və məqsədləri, eləcə də mövzu ilə bağlı bu çərçivədə görülən işlər barədə məlumat vermişdir.

İki gün davam edən tədbir çərçivəsində Baş katibin müavini Fuad Ələkbərov və Komissiya katibi Kadir Yaman ikitərəfli görüşlər keçirmişdir.