Türkiyənin Maarif Fondunun Azərbaycan təmsilçisi TÜRKPA Katibliyini ziyarət edib
23 fevral 2023

23 fevral 2023-cü il tarixində Türkiyənin Maarif Fondunun Azərbaycan təmsilçisi Dr. Serdar Gündoğan TÜRKPA Katibliyini ziyarət etmiş və Baş katib Mehmet Süreyya Erlə görüşmüşdür.

Görüşdə cənab Gündoğan Bakıda yaradılmış Beynəlxalq Maarif Məktəblərinin göstərdiyi xidmətlər və sosial imkanlar barədə məlumat vermişdir.

Baş katib Dr. Serdar Gündoğanı Türkiyə Maarif Fondunun Azərbaycan üzrə təmsilçisi vəzifəsinə başlaması münasibətilə təbrik etmişdir və bildirmişdir ki, Türkiyə Maarif Fondu bəşəriyyətin ortaq təcrübəsinə və Anadolunun qədim irfan ənənəsinə əsaslanan təhsili ilə tanınır.

Türkiyənin köklü təhsil nailiyyətlərinin hazırkı bayraqdarı olan Maarif Fondu hazırda 67 ölkədə sadə təhsil mərkəzlərindən tutmuş universitetlərə qədər 418 məktəb və yataqxana ilə 49.823 tələbəyə xidmət göstərir.

Təhsil diplomatiyasında bir addım olaraq, Fond Türkiyənin sektordakı nüfuzunu genişləndirmək üçün yola çıxdığı bir neçə il ərzində mühüm dünya brendinə çevrilmiş və paytaxt Bakıdan sonra Azərbaycanın müxtəlif şəhərlərində təhsil müəssisələrinin açılması istiqamətində səylərini davam etdirir.