TÜRKPA nümayəndə heyəti Bursada TÜRKSOY-un tədbirində iştirak edib
5 noyabr 2022

2022-ci ilin 5 noyabr tarixində Baş katib Mehmet Süreyya Erin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti 2022-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” Bursada “Qorqud Ata” Türk Dünyası Film Festivalı çərçivəsində keçirilən TÜRKSOY Daimi Şurasının 39-cu iclasında iştirak edib.

Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun ev sahibliyində keçirilən tədbirə türk dövlətlərinin mədəniyyət nazirləri və nazirliklərinin nümayəndələri, türk əməkdaşlıq təşkilatlarının rəhbər və nümayəndələri, habelə digər vəzifəli şəxslər qatılıb. Mədəniyyət nazirləri təşkilatın gələcək fəaliyyəti və türk dünyasında mədəni əməkdaşlığa dair məsələləri müzakirə ediblər.

Həmçinin Baş katib Mehmet Süreyya Er tədbirin açılış mərasimində çıxış edib. O, dünyada mədəni diplomatiyanın artan rolu fonunda TÜRKSOY-un önəmi və türk əməkdaşlığına qiymətli töhfəsini vurğulayıb. TÜRKPA-nın qardaş təşkilatlarla əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyərək Baş katib türk əməkdaşlığının parlament və mədəniyyət ölçüləri arasında qarşılıqlı fəaliyyətin müsbət nəticələr və təcrübə gətirə biləcəyini qeyd edib.

İştirakçılara Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Bursa valisi Yakup Canbolat və Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaşın dəstəyi ilə mədəniyyət paytaxtı layihəsi çərçivəsində 2022-ci il ərzində Bursada keçirilmiş uğurlu tədbirlər, o cümlədən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşada keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verilmişdir.

Daimi Şura 2023-cü ilin 125-ci ildönümü münasibətilə bəstəkar Temirbek Jurqenov, 100-cü ildönümü münasibətilə aktrisa Baken Kıdıkeyeva, 150-ci ildönümü münasibətilə milli şair Mehmet Akif Ersoy, 1050-ci ildönümü münasibətilə görkəmli alim və mütəfəkkir Əbu Reyhan əl-Biruni, 100-cü ildönümü münasibətilə rəssam İsmet Vehit Güney ili, eyni zamanda 2024-cü ilin 300-cü ildönümü münasibətilə şair və mütəfəkkir Məhdimqulu Fəraqi ili elan edilməsi daxil olmaqla, bir sıra mühüm qərarlar almışdır. Anau şəhəri (Türkmənistan) 2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. “Qorqud Ata” Türk Dünyası Film Festivalının “Türk dünyasının mədəniyyət paytaxtı” elan ediləcək şəhərlərdə keçirilməsi qərara alınmışdır.

Tədbir çərçivəsində Baş katib milli nümayəndə heyətləri rəhbərləri ilə görüşmüşdür. 4 noyabr tarixində iştirakçılar məşhur özbək ifaçılarının milli musiqi və rəqslər ifa etdiyi “Özbək kinosu günü” tədbirinə qatılıb.

6 noyabr tarixində nümayəndə heyətləri “Qorqud Ata” Türk Dünyası Film Festivalının mükafatlandırma mərasimində iştirak edib. Müxtəlif kateqoriyalarda festivalın qalibləri elan olunmuş və mükafatları təqdim edilmişdir. Mərasim türk dünyası kinematoqrafiyasının məşhur xadimlərinin iştirakı ilə baş tutub. Türk film sənayesinin nümayəndələrini bir araya gətirən “Qorqud Ata” Türk Dünyası Film Festivalı 2021 və 2022-ci illərdə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən uğurla təşkil edilmişdir. Üçüncü “Qorqud Ata” Türk Dünyası Film Festivalı 2023-cü ildə Şuşada keçiriləcəkdir.