TÜRKPA QDİƏT PA-nın 60-cı Plenar İclasında iştirak edib
8 dekabr 2022

8-9 dekabr 2022-ci il tarixində Baş katib Mehmet Süreyya Er Belqradda Serbiya Milli Assambleyasının evsahibliyində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 60-cı Plenar İclasında müşahidəçi qismində iştirak etmişdir.

Plenar Sessiya QDİƏT üzv ölkələrinin parlament nümayəndə heyətlərini, eləcə də müşahidəçi və qonaq qismində olan nümayəndə heyətlərini bir araya gətirmişdir.

Açılış mərasimində QDİƏT PA-nın prezidenti, Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliç, Xarici Siyasət və Təhlükəsizlik üzrə Baş Nazirin birinci müavini, Serbiya Respublikasının Xarici İşlər Naziri İvitsa Daçiç və QDİƏT PA-nın Baş katibi Asəf Hacıyev çıxış etmişdir.

Baş katib Mehmet Süreyya Er “Geniş Qara dəniz regionunda iqtisadi artımın stimullaşdırılmasında parlamentlərin və parlamentlərarası əməkdaşlığın rolu” mövzusunda keçirilən sessiyada çıxış etmişdir.

Gündəliyin bəndlərinə QDİƏT komitələrinin hesabatlarının və tövsiyələrinin qəbulu, o cümlədən QDİƏT və onun əlaqədar qurumları və sektoral dialoq üzrə tərəfdaşlarının fəaliyyəti haqqında məlumatların təqdim edilməsi daxil olmuşdur.

Plenar iclasın sonunda QDİƏT PA-ya sədrlik Türkiyə Böyük Millət Məclisinə keçmişdir. QDİƏT PA-nın prezidenti, Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliç bağlanış mərasimində çıxış edərək QDİƏT PA-nın sədrliyini Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa təhvil vermişdir.

Türkiyə Parlamentinin sədri çıxış edərək bütün iştirakçıları 2023-cü ilin may ayında Türkiyədə keçiriləcək QDİƏT PA-nın növbəti Baş Assambleyasına dəvət etmişdir. Cənab Şentop QDİƏT PA-nın fəaliyyətinə verdiyi töhfəyə görə Orliçə QDİƏT PA-nın Şərəf medalını təqdim etmişdir.