TÜRKPA Beynəlxalq Türk Akademiyasının tədbirində iştirak etmişdir
15 dekabr 2022

15 dekabr 2022-ci il tarixində TÜRKPA Baş katibi Mehmet Süreyya Er Türk Akademiyası tərəfindən üzv ölkələrin UNESCO üzrə milli komissiyaları ilə birgə və UNESCO-nun Parisdəki qərargahının dəstəyi ilə türk dilləri günü çərçivəsində keçirilən "Türk sivilizasiyası və qlobal mədəniyyət: İltəriş Kutluq Xaqanın külliyəsi" mövzusunda beynəlxalq forumda iştirak etmişdir.

2 gün davam edən forum UNESCO-nun daimi nümayəndələri, üzv ölkələr və Monqolustanın səfirləri, türk əməkdaşlıq qurumlarının rəhbərləri və nümayəndələri, AQFETM, IRCICA, UNESCO üzrə Türkiyə Milli Komissiyası, həmçinin diplomatik korpus və akademik dairələrin nümayəndələri və tanınmış alimləri bir araya gətirmişdir.

Forumda çıxış edənlər İltəriş Kutluq Xaqana aid olduğuna inanılan arxeoloji tapıntıların türkologiya sahəsində böyük elmi inkişaf kimi önəmini vurğulamışdır.

Baş katib Mehmet Süreyya Er öz çıxışında bir daha həmkarı Şahin Mustafayevi Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzu etmişdir. Baş katib türk dünyasının sivilizasiyaya verdiyi töhfələrin əhəmiyyətini qeyd etmiş və bu kontekstdə dünyada türk tarixi və mədəni irsinin araşdırılması, qorunması və təşviqinin müasir nəslin vəzifəsi və zamanın tələbi olduğunu vurğulamışdır.

Forum "Türk sivilizasiyası yazılı mədəniyyəti: İltəriş Kutluq Xaqan" və "Qlobal dünyada türk dilləri: İnkişaf və mühafizə məsələləri" adlı iki paneldən ibarət olmuşdur.

Tədbir çərçivəsində Nomqon düzündə aşkar edilən arxeoloji qazıntılara dair fotoşəkillərdən ibarət sərgi də təşkil edilmişdir.

Forum çərçivəsində Baş katib Mehmet Süreyya Er AQFETM-in baş katibi Kayrat Sarıbayla görüşmüşdür. Görüşdə cənab Sarıbay Mehmet Süreyya Erə təşkilatın 30-cu ildönümü ilə bağlı Təşəkkürnamə təqdim etmişdir.

Tədbirin sonunda Beynəlxalq Türk Akademiyası tərəfindən mədəni proqram təşkil olunmuşdur.

Proqrama qazax ictimai-siyasi fəal, Türkistan Muxtariyyətinin ideoloqu Mustafa Şokayın evi, eləcə də Azərbaycanın görkəmli siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri və parlament sədri Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət də daxil edilmişdir.