Baş katib “Yıldız Sarayı fotoşəkil kolleksiyasında 19-cu əsr türk dünyası mədəni irsi” mövzusunda sərginin açılış mərasiminə qatılıb
19 yanvar 2023

2023-cü ilin 19 yanvar tarixində Baş katib Mehmet Süreyya Er Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun İstanbulda təşkil etdiyi “Yıldız Sarayı fotoşəkil kolleksiyasında 19-cu əsr türk dünyası mədəni irsi” mövzusunda sərginin açılış mərasimində iştirak edib.

Türkiyə Respublikasının 100-cü ildönümünə həsr edilmiş sərginin proqramı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış mərasimi üçün müraciətinin oxunması ilə başlanmışdır.

Tədbirdə dövlət rəsmiləri, türk əməkdaşlıq təşkilatlarının nümayəndələri və mədəniyyət xadimləri iştirak edib.

Sərgi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistanın mədəni irsini əks etdirən 19-cu əsrdə Səmərqənddən Ədirnəyə kimi geniş coğrafiyada çəkilmiş “Yıldız Sarayı fotoşəkil kolleksiyası”ndan 75 fotoşəkli əhatə etmişdir.

Sultan II Əbdülhəmidin “Yıldız Sarayı fotoşəkil kolleksiyası” dünyanın bənzərsiz vizual arxivlərindən biri kimi 36,585 fotoşəkli əhatə edən 918 albomdan ibarətdir. Türk mədəni irsinin mühüm parçası olaraq “Yıldız Sarayı fotoşəkil kolleksiyası” bu irsin sənədləşdirilməsi baxımından müstəsna dəyər kəsb edir və dövrünün sosial, mədəni, iqtisadi və siyasi tarixinə nəzər salmaq imkanı təqdim edir.