Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının 10-cu iclası keçirilib
9 mart 2023

9 mart 2023-cü il tarixində Türkiyə Böyük Milllət Məclisinin evsahibliyində Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının “TÜRKPA-nın 15-ci ildönümü: Üzv dövlətlər arasında əməkdaşlıq” mövzusunda onlayn formatda 10-cu iclası keçirilmişdir. Komissiya üzvləri, parlament ekspertləri və TÜRKPA Katibliyinin əməkdaşları iclasda iştirak etmişdir.

Komissiyanın sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü Erol Kaya iclasa sədrlik etmişdir. Azərbaycan Republikasının Milli Məclisinin üzvü Cavanşir Feyziyev, Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Ruslan Rustemov, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Nurcigit Kadırbekov, Türkiyə Böyük Millət Məclisinin üzvləri Yüksel Özkan və Recep Şeker, eləcə də TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er iclasda çıxış etmişdir.

Komissiyanın sədri Erol Kaya öz çıxışına 6 fevral 2023-cü il tarixində Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş və ümumilikdə 11 əyalətində böyük dağıntılara səbəb olan zəlzələ haqqında məlumatla başlamışdır.

Türkiyə ərazisinin təxminən 12%-nə və 13,5 milyon insana birbaşa təsir göstərən “əsrin fəlakəti” adlandırılan bu zəlzələlərdə 230 min bina dağılmış, 645 min bina yararsız hala düşmüşdür. 90 ölkədən 11 min 500 nəfərdən ibarət xilasetmə qrupları da daxil olmaqla, bölgədəki axtarış-xilasetmə fəaliyyətlərində ümumilikdə 271 min nəfərin iştirak etdiyi bildirilmışdir. Bundan əlavə, həyata keçirilən işləri yerində müşayiət etmək məqsədilə Türkiyə Böyük Millət Məclisinin bütün üzvlərinin bölgədə fəaliyyət göstərdiyi qeyd edilmişdir.

Cənab Kaya 11 şəhərin yenidən qurulması üçün başlanan 405 min ev və 83 min kənd evinin tikintisinin bir il ərzində tamamlanacağını bildirmişdir. O köməyə tələsən bütün ölkələrə, xüsusilə də komissiya üzvlərinin simasında dəyərli qardaş TÜRKPA üzv ölkələrinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirmişdir.

İclasda komissiya müvafiq olaraq gündəlikdəki məsələləri nəzərdən keçirmiş, hesabat məruzəsi və tövsiyə qərarını Ankarada keçiriləcək 12-ci Plenar iclasa təqdim edilməsi üçün təsdiqləmişdir.

Gündəlikdə Sosial, mədəni və humanitar məsələlər komissiyanın adının dəyişdirilərək “Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyası” olaraq adlandırılması təklifi dəyərləndirilmişdir.

Bundan başqa, Özbəkistan və Türkmənistanın Assambleyaya üzv olduqları təqdirdə dərhal TÜRKPA-nın fəaliyyətlrinə daxil edilməsi ilə bağlı hazırlıq işlərinin həyata keçirilməsi məqsədilə əlavə iki komissiyanın yaradılması təklifi də müzakirə edilmişdir.