TÜRKPA Pİ-nin 146-cı Assambleyası və əlaqədar iclaslarında iştirak etmişdir
10 mart 2023

10-14 mart 2023-cü il tarixlərində Manama şəhərində Bəhreyn Krallığı Milli Assambleyasının evsahibliyində TÜRKPA Katibliyinin nümayəndələri Parlamentlərarası İttifaqın 146-cı Assambleyası və əlaqədar iclaslarında iştirak etmişdir.

Tədbirdə dünyanın hər yerindən 1700-dən çox parlamentari və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir.

Bəhreyn Krallığının Baş nazirinin müavini Şeyx Xalid bin Abdullah Əl Xəlifənin salamlama nitqi ilə başlayan açılış mərasimində həmçinin Pİ-nin prezidenti Duarte Paçeko və Baş katibi Martin Çunqonq, Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Əl-Musallam və Şura Məclisinin sədri Əli bin Saleh əl Saleh çıxış etmişdir.

146-cı Assambleyanın ümumi müzakirələri "Dinc birgəyaşayış və inklüziv cəmiyyətlərin təşviq edilməsi: Dözümsüzlüklə mübarizə" mövzusuna həsr edilmişdir. Parlament sədrləri və üzvləri qlobal təhlükəsizlik, sabitlik və sülhün təmin edilməsi istiqamətində parlament səylərinin birləşdirilməsi üçün bir platformanın vacibliyini vurğulamışdır. Çıxışlar zamanı iştirakçılar irqçiliyi, cinsi və dini ayrı-seçkiliyi, insan hüquqlarına etinasızlığı dözümsüzlüyün əsas təzahürləri kimi qınamışdır.

Assambleya çərçivəsində Pİ-nin müvafiq orqanlarının, o cümlədən İdarə heyətinin, Sülh və beynəlxalq təhlükəsizlik daimi komitəsinin, Demokratiya və insan hüquqları daimi komitəsinin, Parlamentarilərin İnsan hüquqları komitəsinin iclasları, müxtəlif qrupların iclasları, o cümlədən Qadın Parlamentarilər Forumu və Gənc Parlamentarilər Forumu keçirilmişdir.

Qadın Parlamentarilər Forumunun 35-ci iclasına Forumun yeni seçilmiş prezidenti Bəhreyn Krallığının Şura Məclisinin üzvü Hala Ramzi Fayez sədrlik etmişdir. İclasda hətta qadınların üzləşdiyi qlobal təhlükəsizliyin yeni riskləri kimi kiberhücüm və kibercinayətkarlıq, qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasında parlament səyləri, su təhlükəsizliyi, iqlim və sülh dayanıqlılığı müzakirə edilmişdir.

Gənc Parlamentarilər Forumunun prezidenti Sahar Albazarın sədrlik etdiyi iclasda dünyanın müxtəlif regionlarından gənc parlamentarilər iştirak etmişdir. Forum parlamentlərdə gənclərin hazırkı iştirakı ilə bağlı inkişafı, eləcə də gənclərin qərar qəbul etmə proseslərinə fəal şəkildə cəlb edilməsi məsələrinə yönəlmişdir.

Assambleya çərçivəsində Pİ tərəfindən iqlim dəyişiklikləri ilə bağlı fövqəladə hallarda parlamentarilərin səfərbər edilməsi məqsədilə “Parlamentlər planet üçün” adlı yeni kampaniya başladılmışdır.