Ankarada TDT-nin Fövqəladə Zirvə Toplantısı keçirilib
16 mart 2023

16 mart 2023-cü il tarixində Baş katib Mehmet Süreyya Er Türk Dövlətləri Təşkilatının “Fəlakət - fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda keçirilən Fövqəladə Zirvə Toplantısında iştirak etmişdir. Azərbaycan Respublikasının təşəbbüsü ilə keçirilən Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Recep Tayyip Erdoğan, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Respublikasının sabiq Prezidenti, Türkmənistan Respublikası Milli Qenqeşi Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar iştirak etmişdir.

Toplantıda Binali Yıldırımın rəhbərlik etdiyi TDT-nin Ağsaqqallar Şurasının üzvləri, o cümlədən Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri də iştirak etmişdir.

İştirakçılar baş vermiş dağıdıcı zəlzələlər nəticəsində həyatını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir.

Tərəflər fəlakət və fövqəladə hallarla mübarizədə səylərin birləşdirilməsi məqsədilə TDT-nin üzv dövlətlərinin fəlakətlərin idarə olunması üzrə milli orqanları arasında əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etmiş, regionda mövcud çağırışlara dair fikir mübadiləsi aparmışdır.

Zirvə Toplantısının yekun sənədi olaraq TDT-nin üzv dövlətlərinin liderləri tərəfindən Ankara Bəyannaməsi imzalanmışdır.

TDT-nin 10-cu Zirvə Toplantısı Qazaxıstan Respublikasının Türkistan şəhərində keçiriləcəkdir.