TÜRKPA müşahidəçiləri Qazaxıstanın MSK sədri ilə görüşüb
17 mart 2023

17 mart 2023-cü il tarixində Türkiyə Böyük Millət Məclisinin üzvü Recep Şekerin rəhbərlik etdiyi TÜRKPA Seçki Müşahidə Missiyası Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Nurlan Abdirov ilə görüşüb.

MSK sədri qarşıdan gələn növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün davam edən hazırlıqlara dair məlumat vermişdir. Cənab Abdirov yeni seçki normalarına uyğun olaraq keçiriləcək seçkilərin əsas xüsusiyyətlərindən bəhs etmiş və bu baxımdan seçkilərlə bağlı çərçivəyə edilmiş son dəyişikliklərə toxunmuşdur. O, Missiya üzvlərini partiya siyahıları və namizədlərin qeydiyyatı, beynəlxalq müşahidəçilərin akkreditasiyası, habelə aşağı səviyyəli seçki komissiyalarına təlim keçirilməsi üçün görülmüş tədbirlər barədə məlumatlandırmışdır. Cənab Abdirov əlilliyi olan vətəndaşların seçki hüquqlarının təmin edilməsinə verilən önəmi vurğulamış və qeyd etmişdir ki, bu seçicilərə zəruri şəraitin yaradılması üçün müvafiq tədbirlər görülmüşdür.

Missiya üzvləri qarşıdan gələn seçkilərin hazırlıq prosesi və keçirilməsində MSK-ya müvəffəqiyyətlər arzulamışdır.