TÜRKPA Missiyası Qazaxıstanda növbədənkənar parlament seçkilərini müşahidə edib
19 mart 2023

Seçki günü – 19 mart 2023-cü il tarixində TÜRKPA Seçki Müşahidə Missiyası yerində səsvermə prosesini müşahidə etmək üçün Astana və Almatı şəhərlərində bir sıra seçki məntəqələrini ziyarət etmişdir. Seçki Müşahidə Missiyası seçki məntəqələrinin açılışından səslərin sayılmasınadək səsvermə prosesini bütün mərhələlərdə müşahidə etmişdir. Seçki Müşahidə Missiyası üzvləri səsverməni izləmiş, seçicilər, seçki məntəqələri rəsmiləri və yerli müşahidəçilərlə söhbət aparmış, həmçinin yerli və xarici kütləvi informasiya vasitələrinə müsahibə vermişdir.

20 mart tarixində Missiya öz müşahidəsinin ilkin nəticələrinə dair mətbuat konfransı keçirmişdir. Missiya rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Recep Şeker Missiyanın müşahidə fəaliyyəti barədə məlumat vermişdir.

Missiya Qazaxıstanda seçkilərlə bağlı çərçivədə əhəmiyyətli dəyişiklikləri qeyd etmişdir. Seçki Müşahidə Missiyası bildirmişdir ki, Məclis üzvlərinin yeni seçki sistemi müstəqil namizədlərə birmandatlı ərazi seçki dairələrində seçilmək imkanı verərək, öz majoritar komponenti vasitəsilə regionların, proporsional komponenti vasitəsilə sosial qrupların təmsil olunmasını təmin edir. Qadınlar, gənclər və əlilliyi olan şəxslərin təmsil olunması üçün kvota ilə bağlı tənzimləyici çərçivəyə toxunan Missiya qeyd etmişdir ki, kvota onların seçki prosesində və ölkənin siyasi həyatında geniş iştirakına şərait yaradır.

Missiya seçkilərə hazırlıq və keçirilməsində seçki idarəetmə orqanlarının işini müsbət qiymətləndirmişdir.

Missiya Qazaxıstan Respublikasında 19 mart 2023-cü il növbədənkənar parlament seçkilərinin Qazaxıstanın milli qanunvericiliyi və beynəlxalq seçki standartlarına uyğun keçirildiyi nəticəsinə gəlmişdir.