TÜRKPA müşahidəçiləri Almatıda görüşlər keçirib
18 mart 2023

18 mart 2023-cü il tarixində Türkiyənin Almatı şəhərindəki baş konsulu Əli Rıza Akıncının dəvəti ilə TÜRKPA Seçki Müşahidə Missiyasının üzvləri 6 fevral 2023-cü il tarixində Türkiyənin cənub bölgəsində baş vermiş dağıdıcı zəlzələdən sonra ölkəyə humanitar yardım göstərən qazaxıstanlı könüllülərin iştirakı ilə keçirilən görüşdə iştirak etmişdir.

Görüş zamanı baş konsul könüllülərə dəstəyə görə təşəkkürünü bildirmişdir.

Öz növbəsində, Missiyanın üzvü, Türkiyə Böyük Millət Məclisinin üzvü İbrahim Aydemir də belə çətin anlarda könüllülərə verdikləri dəstəyə görə təşəkkürünü bildirmiş və türk xalqlarının birlik və həmrəyliyinin türk dövlətləri arasında ikitərəfli və çoxtərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyini ifadə etmişdir.

Həmin gün Missiya üzvləri Almatı Ərazi Seçki Komissiyasının sədri Aygül Kalıkova ilə görüşmüşdür.

Görüşdə müşahidəçilərə ƏSK tərəfindən seçkilərə hazırlıqla bağlı görülən işlər barəsində məlumat verilmişdir.

20 mart 2023-cü il tarixində TÜRKPA müşahidəçiləri Almatı şəhərindəki Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Unversitetinin Avrasiya Araşdırmalar İnstitutunu ziyarət etmişdir.

İnstitutun direktoru Suat Beylur institutun fəaliyyəti, eləcə də qarşıda duran layihələrə dair məlumat vermişdir.

Öz növbəsində, institutun fəaliyyətinə uğurlar arzulayan Aydəmir, Assambleya və onun müşahidəçilik fəaliyyəti haqqında danışmışdır.