TÜRKPA və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında anlaşma memorandumu imzalanıb
23 fevral 2023

23 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Baş katib Mehmet Süreyya Eri qəbul edib.

Parlament sədri TÜRKPA-nın fəaliyyətlərinin üzv dövlətlərin qardaş münasibətlərinin daha da genişlənməsinə töhfə verdiyini bildirmişdir. Milli Məclisin Assambleya çərçivəsində əməkdaşlığa verdiyi önəmə toxunan xanım Qafarova ötən müddət ərzində üzv parlamentlər arasında əməkdaşlığın inkişafını qeyd etmişdir.

Milli Məclisin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətləri barədə danışmış və Parlament Şəbəkəsinə artan beynəlxalq marağı qeyd etmişdir. O, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin təsis iclası və Bakı Konfransında TÜRKPA-nın iştirakını yüksək qiymətləndirmişdir.

Baş katib Milli Məclisin təşkilata göstərdiyi diqqət və dəstəyə görə minnətdarlığını ifadə etmiş və Katibliyin fəaliyyətləri barədə məlumat vermişdir. O, Assambleyanın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əməkdaşlığa verdiyi böyük önəmi vurğulamışdır.

Görüşün sonunda Milli Məclisin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er iki təşkilat arasında əməkdaşlığa dair anlaşma memorandumunu imzalamışdır.