TÜRKPA Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbirdə iştirak edib
16 dekabr 2022

16 dekabr 2022-ci il tarixində Baş katibin müavini Talqat Aduov Azərbaycanın Dövlət Miqrasiya Xidməti və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycandakı nümayəndəliyinin Beynəlxalq Miqrant Günü münasibətilə birgə təşkil etdiyi “Azərbaycanda miqrasiya: bərabərlik, müxtəliflik və inklüzivlik” mövzusunda tədbirdə iştirak edib.

Tədbir Dövlət Miqrasiya Xidməti, diplomatik missiyalar, beynəlxalq təşkilatlar, dövlət qurumları, vətəndaş cəmiyyəti təşkilatları və özəl sektorun nümayəndələrini bir araya gətirmişdir.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov açılış nitqi ilə çıxış edərək, hər il qeyd olunaraq miqrasiya ilə bağlı əsas məsələlərin müzakirəsinə şərait yaradan Beynəlxalq Miqrant Gününün əhəmiyyətinə toxunmuşdur. O həmçinin miqrasiyanın idarə olunması, miqrantların cəmiyyətə inteqrasiyası, onların rifahının, hüquq və azadlıqlarının qorunması üzrə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər haqqında məlumat vermişdir.

Öz növbəsində, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva 2018-ci ildə BMT-nin Miqrasiya üzrə Qlobal Paktını imzalayan ilk ölkələr sırasında yer alan Azərbaycanın miqrasiya sahəsində görülən işlərin səmərəliliyində digərləri üçün örnək təşkil etdiyini qeyd etmişdir.

Tədbir çərçivəsində iştirakçılar müxtəlif ölkələrin mədəni irsi və kulinariya məhsulları, o cümlədən “Azərbaycanda miqrasiya sizin obyektivdə” adlı foto müsabiqənin iştirakçıları tərəfindən çəkilmiş fotolardan ibarət sərgilər ilə tanış olmuşdur.