TÜRKPA-nın fəaliyyətdə olan Sədri Baş katibi qəbul edib
23 dekabr 2022

23 dekabr 2022-ci il tarixində TÜRKPA-nın fəaliyyətdə olan Sədri, Qırğız Respublikası Joqorku Keneşinin Sədri Nurlanbek Şakiyev Baş katib Mehmet Süreyya Eri qəbul etmişdir.

Baş katib Nurlanbek Şakiyevi Joqorku Keneşin sədri seçilməsi münasibətilə təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzu etmişdir. Cənab Er 24 iyun 2022-ci il tarixində Çolpon-Ata şəhərində keçirilmiş 11-ci plenar iclasda qəbul edilmiş 2023-2028-ci illər üçün Strateji Yol Xəritəsi və 2023-cü il üçün Fəaliyyət Planı çərçivəsində TÜRKPA-nın cari və gələcək fəaliyyəti, eləcə də 23-25 aprel 2023-cü il tarixlərində İstanbulda keçiriləcək 12-ci plenar iclasa hazırlıqlarla bağlı fəaliyyətdə olan sədri məlumatlandırmışdır.

Öz növbəsində, Parlament sədri qardaş türk dövlətləri arasında qarşılıqlı faydalı əlaqələrin və TÜRKPA-nın parlament diplomatiyası vasitəsilə regionda əməkdaşlığın gücləndirilməsinə yönəlmiş davamlı və konstruktiv işinin əhəmiyyətini vurğulamışdır.

Həmçinin tərəflər TÜRKPA çərçivəsində parlamentlərarası əməkdaşlığın gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparmışdır.