TÜRKPA Sosial, mədəni və humanitar məsələlər komissiyasının dördüncü iclası
2 dekabr 2014
Bakı

2 dekabr 2014-cü il tarixində Bakıda, Azərbaycan Respublikasının Milli Məclisində Komissiyanın Sədr müavini, Azərbaycan Respublikası Parlamentinin üzvü xanım Sevinc Hüseynovanın sədrliyi ilə TÜRKPA-nın Sosial, Mədəni və Humanitar Kommissiyasının dördüncü iclası keçirilmişdir. İclasın gündəliyinin əsas mövzusu TÜRKPA üzv ölkələri arasında informasiya axınının artırılması olmuşdur.

Üzv ölkələrdən olan millət vəkilləri Türk Şurasının Bodrumda keçirilən Dördüncü Zirvə görüşü zamanı Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülən Türkdilli dövlətlərdə Kütləvi İnformasiya Vasitələrinin gücləndirilməsi ideyasına dair müzakirələr aparmışdır.

İştirakçılar Türkdilli dövlətlər arasında müxtəlif sahələrdə informasiya mübadiləsinin hazırkı vəziyyətinə toxunmuş və ölkələr arasında məlumat azlığından yaranan əsas problemlərə diqqət çəkmişdir. Nümayəndə heyətləri tərəfindən KİV sahəsində müxtəlif layihələrin həyata keçirilməsi və inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır. Komissiya üzvləri isə TÜRKPA çərçivəsində informasiya mübadiləsinə dair əməkdaşlığın gücləndirilməsi sahəsində müəyyən mexanizmlərin yaradılmasını təklif etmişdir.

Komissiyanın hesabat məruzəsi və tövsiyə qərarı 2015-ci ildə keçiriləcək Altıncı Plenar Sessiyada qəbul edilməsi üzrə təsdiq edilmişdir.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə nümayəndə heyətləri, eləcə də Türk Şurası, TÜRKSOY, Türk Akademiyası, Türk Dünyası Bələdiyyələr Birliyi, Əhməd Yəsəvi Qazax-Türk Universiteti və Manas Qırğız-Türk Universitenin nümayəndələri iştirak etmişdir.

Komissiya hesabatı
Komissiyanın tövsiyəsi