TÜRKPA Sosial, mədəni və humanitar məsələlər komissiyasının altıncı iclası
14 sentyabr 2018
Bişkek

TÜRKPA Sosial, Mәdәni və Humanitar Mәsәlәlәr Komissiyasının altıncı iclası 14 sentyabr, 2018-ci il tarixində Qırğızıstan Respublikası Joqorku Keneşinin ev sahibliyində və Komissiya sədri və Qırğızıstan Parlamentinin üzvü cənab Sadık Şer-Niyazın sədrliyi ilə Bişkekdə keçirilmişdir. Komissiya iclasından öncə Türk Kino Günləri açılış mərasimi, eləcə də ekspertlər, mədəniyyət nazirliklərinin nümayəndələri, film rejissorları, Milli Film Studiyalarının nümayəndələri, animatorlar və film analitiklərinin seminarı baş tutmuşdur.

İclas gündəliyinin əsas maddəsi "Türkdilli ölkələrdə film və animasiya Türk mədəni irsinin hissələri kimi: Qanunvericilik və praktiki aspektlər" mövzusuna həsr edilmişdir.

Üzv ölkələrin millət vəkilləri türkdilli ölkələrin informasiya məkanında kinematoqrafiya və animasiya, eləcə də mövzu ilə bağlı milli siyasət məsələlərinə toxunmuş və bu sahədə milli və çoxtərəfli qanunvericiliyin uyğunlaşdırılması ilə bağlı bir sıra təkliflər irəli sürmüşdür. Eyni zamanda, parlamentarilər Komissiyanın gələcək fəaliyyətləri ilə bağlı iş planını müzakirə etmiş və film və animasiya sahəsində hüquqi işə dair tövsiyələr vermişdir.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan nümayəndə heyətləri, o cümlədən, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Qırğızıstan Mədəniyyət Nazirliyi, Milli Film Studiyaları, Diplomatik Korpus nümayəndələri, ekspertlər və digər qurumlar iclasda iştirak etmişdir.

Məsələ ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarı 2018-ci ilin noyabr ayında Türkiyədə keçiriləcək Səkkizinci Plenar İclasda qəbul edilməsi üçün Komissiya tərəfindən təsdiq edilmişdir.

Komissiya hesabatı
Komissiyanın tövsiyəsi