Wednesday, 13 November 2019, 12:13:02 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Eskişehirə ziyarət

Bir sıra görüşlər həyata keçirmək məqsədilə TürkPA nümayəndə heyəti Türkiyənin mədəni və tarixi mərkəzlərindən biri olan Eskişehirə səfər etmişdir. 9 may, 2017-ci il tarixində nümayəndə heyəti Eskişehir Bələdiyyə Sədri cənab Yılmaz Büyükerşen və Şəhər Meri cənab Azmi Çelikə nəzakət ziyarəti etmişdir.

Baş katib Jandos Asanov cənab Büyükerşenə TürkPA fəaliyyətləri haqqında məlumat vermiş və son illərdə Türk respublikaları arasında əlaqələri gücləndirmək məqsədilə bir çox təşkilatların yaradıldığını vurğulamışdır. Cənab Asanov qeyd etmişdir ki, parlamentlər qardaş ölkələr arasında mədəniyyət, incəsənət və sənaye sahələrində əməkdaşlığın gücləndirilməsində mühüm rol oynaya bilər və TürkPA bu məqsədə çatmaq üçün fəaliyyətlərini həyata keçirir.

İlk dəfə olaraq gəldiyi Eskişehirə heyranlığını ifadə edən Baş katib Asanov bildirmişdir: "Mən həqiqətən Balmumu Muzeyini çox bəyəndim. Eskişehir sizin layihələrinizlə özünəməxsus bir şəhərə çevrilmişdir. Bol yaşıl sahələri olan şəhər çox təmizdir və o yalnız Türk dünyasında deyil, eləcə də bütün dünyada təqdir olunan bir məkana çevrilmişdir".

Görüşün sonunda TürkPA nümayəndə heyəti cənab Büyükerşenə üzərində Qırğız-Türk motivləri olan keramik boşqab təqdim etmişdir. Cənab Büyükerşen Türkdilli ölkələr arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq TürkPA nümayəndə heyətinə ziyarətlərinə görə təşəkkürünü bildirmişdir.

Eyni zamanda, cənab Çelik ilə görüşündə Baş katib ona fəaliyyətlərində uğurlar arzulamış və üzərində Azərbaycan motivləri olan keramik boşqab təqdim etmişdir.

Həmçinin TürkPA nümayəndə heyəti Eskişehir Təbiət Parkı və Elm İncəsənət Muzeyini ziyarət etmişdir.

Səfər ərzində Baş katib Baş katibin müavini Kürşad Melih Sarıarslan və Fond Administrator Ələsgər Ağayev tərəfindən müşayiət edilmişdir.