Tuesday, 27 July 2021, 20:15:54 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş katib Antalya Diplomatiya Forumunda iştirak edib

Baş katib Altınbek Mamayusupov 2021-ci ilin 18-20 iyun tarixlərində “İnnovativ diplomatiya: yeni dövr, yeni yanaşmalar” mövzusunda keçirilən Antalya Diplomatiya Forumunda iştirak edib.

Baş katib beynəlxalq təşkilatların səmərəliliyinin artırılmasına dair müzakirələrə qatılıb. O, parlamentlərarası təşkilatların rolu və beynəlxalq münasibətlər sistemində onların səmərəliliyi haqqında münasibət bildirərək, dialoq və inteqrasiya üçün çevik mexanizmlərə malik parlament diplomatiyasının önəmini vurğulamışdır. Baş katib, həmçinin beynəlxalq qurumlar arasında daha sıx qarşılıqlı fəaliyyət ehtiyacını qeyd edib.

Forum çərçivəsində baş katib üzv ölkələrin xarici işlər nazirləri – Mevlüt Çavuşoğlu (Türkiyə), Ceyhun Bayramov (Azərbaycan), Muxtar Tileuberdi (Qazaxıstan), Ruslan Kazakbayev (Qırğız Respublikası), Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Akif Çağatay Kılıç, QİƏT PA baş katibi Asəf Hacıyev, Asiya Parlament Assambleyasının baş katibi Məhəmməd Reza Məcidi, o cümlədən Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri ilə görüşərək qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə etmişdir.

Antalya Diplomatiya Forumu siyasi liderlər, parlamentarilər, nazirlər, diplomatlar, beynəlxalq təşkilatların, müxtəlif qurumların rəhbərləri və nümayəndələri, eləcə də elmi dairələrin nümayəndələrini bir araya gətirən yüksək səviyyəli platformadır.

18 iyun tarixində Türkiyə Respublikası Prezidenti Recep Tayyip Erdoğan və Türkiyə Respublikası Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu Forumda çıxış edib.

Tədbirin proqramına bir sıra mühüm regional və qlobal məsələləri əhatə edən tematik müzakirələr daxil edilmişdir. İştirakçılar regional əməkdaşlıq, təhlükəsizlik, enerji, parlament diplomatiyası, regional təşkilatların səmərəliliyi , gender və dayanıqlı inkişafa dair məsələlər üzrə fikir mübadiləsi aparmışdır.