Tuesday, 27 July 2021, 18:18:51 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA 9-cu Nevski Ekoloji Konqresində iştirak edib

2021-ci ilin 27-28 may tarixlərində TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədr müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Recep Şekerin başçılıq etdiyi TÜRKPA nümayəndə heyəti Sankt-Peterburq şəhərində baş tutan 9-cu Nevski Beynəlxalq Ekoloji Konqresində iştirak edib.

“Planetin ekologiyası: dayanıqlı inkişaf” mövzusunda konqres MDB Parlamentlərarası Assambleyası, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası və Rusiya Federasiyası Təbii Ehtiyatlar və Ətraf Mühit Nazirliyi tərəfindən birgə təşkil edilmişdir. Konqres parlamentarilər, nazirlər, beynəlxalq təşkilatların, dövlət qurumlarının, müxtəlif institutların, iş və elmi dairələrin nümayəndələrinin və ekspertlərin iştirakı ilə baş tutub.

İki günlük tədbir milli layihələrin inkişafı, təbii ehtiyatların və biomüxtəlifliyin qorunması, iqlim siyasəti, yaşıl enerji, ekoloji maarifləndirmə, su hövzələrinin dayanıqlı inkişafı kimi qlobal ekoloji gündəliyin müxtəlif məsələlərinin müzakirə edildiyi dəyirmi masalar və plenar iclasdan ibarət olmuşdur.

TÜRKPA nümayəndə heyətinin rəhbəri Recep Şeker “Ətraf mühit təhlükəsizliyi. Bugünün çağırışları və həllər” mövzusunda dəyirmi masada çıxış edib. Çıxışı zamanı cənab Şeker ətraf mühit məsələlərini qlobal gündəliyin mühüm hissəsi kimi qiymətləndirmişdir. O, TÜRKPA Ətraf mühit və təbii ehtiyatlar komissiyası çərçivəsində həyata keçirilən ətraf mühit təhlükəsizliyi və idarəetməsinə töhfə verilməsinə istiqamətlənmiş fəal iş barədə məlumat vermişdir. Ekoloji problemlərin həllində birgə səylərə olan ehtiyacı vurğulayan cənab Şeker bu konteksdə Komissiyanın digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduğunu bildirmişdir.

28 may tarixində TÜRKPA nümayəndə heyəti konqresin plenar iclasında iştirak edib. Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko açılış nitqi ilə çıxış etmiş, daha sonra plenar iclas üzv ölkələrin parlament sədrləri, nazirlərinin çıxışları ilə davam etmişdir.