Tuesday, 27 July 2021, 18:47:41 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Heyət üzvləri Pİ-nin Gənc Parlamentarilərin 7-ci Qlobal Konfransında iştirak edib

2021-ci ilin 28-29 aprel tarixlərində TÜRKPA heyət üzvləri Suzanna Kazımova və Azər Məmmədov “COVID-19 sonrası bərpa: gənc yönümlü yanaşma” mövzusunda onlayn formatda təşkil edilmiş Parlamentlərarası İttifaqın (Pİ) Gənc Parlamentarilərin 7-ci Qlobal Konfransında iştirak edib.

Meksikadan olan parlament üzvü və Pİ-nin Gənc Parlamentarilər Forumunun üzvü Sintia İliana Lopez Kastronun sədrlik etdiyi tədbirin açılış hissəsində Pİ Prezidenti Duarte Paçeko və Surinam Parlamentinin üzvü və Pİ-nin Gənc Parlamentarilər Forumunun Prezidenti Melvin Bouva çıxış edib. Parlamentarilər, beynəlxalq təşkilatların, müxtəlif qurumların nümayəndələri və ekspertlər də daxil olmaqla 80-dən çox ölkədən 300-dən artıq iştirakçı iki günlük tədbirin “Gənclərin iştirakı: COVID-19 pandemiyasından gənc yönümlü bərpa üçün zəruri şərtlər”, “Ali və universitet təhsilinin dəstəklənməsi: bərpa gündəminin prioriteti”, “Pandemiyadan sonra sağlam gənclik” və “İqtisadi imkanların genişləndirilməsi: problemlərin fürsətə çevrilməsi” mövzularında sessiyalarda iştirak edib.

Konfransda iştirakçılar, əsasən, gənc yönümlü bərpanın formalaşdırılmasında gənclərin iştirakının təşviq edilməsi, gənclərin əsas hüquqlarının qorunması və həyata keçirilməsi, pandemiya bərpa səylərində gənclərin imkanlarının genişləndirilməsi, gənclərin məşğulluğu kimi məsələlər ətrafında fikir mübadiləsi aparmışdır.