Tuesday, 27 July 2021, 20:03:23 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA “COVID-19 pandemiyası kontekstində qlobal çağırışlar və təhdidlər” mövzusunda konfransda iştirak edib

15 aprel 2021-ci ildə TÜRKPA COVID-19 pandemiyası kontekstində qlobal çağırışlar və təhdidlər: terrorizm və zorakı ekstremizm” mövzusunda beynəlxalq parlament konfransında iştirak edib.

Konfrans 2017 və 2019-cu illərdə baş tutmuş bənzər müzakirələrin məntiqi davamı kimi MDB Parlamentlərarası Assambleyası, ATƏT PA, Aralıq Dənizi Ölkələri Parlament Assambleyası və BMT-nin Terrorçuluğa qarşı mübarizə üzrə Ofisi tərəfindən birgə təşkil edilmişdir. Tədbir TÜRKPA Assambleyası Şurası üzvləri – TÜRKPA-nın Fəaliyyətdə olan Sədri və Azərbaycan Respublikası Milli Məclisinin Sədri xanım Sahibə Qafarova, Qırğız Respublikası Joqorku Keneşinin Sədri cənab Talant Mamıtov, həmçinin Qazaxıstan Respublikası Parlament Senatının Sədr müavini cənab Nurlan Abdirov daxil olmaqla parlament başçıları və üzvlərini, habelə beynəlxalq təşkilatların rəhbərlərini bir araya gətirmişdir.

Açılış mərasimindən sonra tədbir “Terrorizm və zorakı ekstremizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın hüquqi mexanizmləri”, “Terror təhdidinin qiymətləndirilməsi və zorakı ekstremizmin qarşısının alınması səyləri”, “Terrorizm qurbanlarının hüquqlarının təşviqi və müdafiəsi, onların ehtiyaclarının qarşılanması” və “COVID-19 pandemiyası ilə üzləşən demokratiyalar” mövzularında dörd tematik sessiyada iştirakçıların təqdimatları və çıxışları ilə davam etmişdir. Terrorizmi pandemiya fonunda mübarizə aparılması daha mürəkkəbləşən təhlükəsizlikdə əsas problemlərdən biri kimi dəyərləndirən iştirakçılar beynəlxalq əməkdaşlığın effektiv mexanizmləri və qlobal miqyasda təhlükəsizliyə hüquqi dəstəyin təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparmışdır.