Tuesday, 27 July 2021, 19:20:07 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Qırğızıstanda referendumu müşahidə etmiş və yüksək vəzifəli rəsmilərlə görüşmüşdür

TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədr müavini Recep Şekerin rəhbərlik etdiyi və ölkələrdən olan millət vəkilləri – Vüqar İskəndərov (Azərbaycan), Yedil Mamıtbekov, Amerxan Raximjanov (Qazaxıstan) və Yaşar Karadağ (Türkiyə), həmçinin Katibliyin nümayəndələrindən ibarət TÜRKPA Seçki Müşahidə Missiyası 11 aprel 2021-ci ildə keçirilmiş Qırğız Republikasının Konstitusiyası üzrə referendumun qısamüddətli müşahidəsini həyata keçirmişdir.

Səsvermə günündən əvvəl Missiya Joqorku Keneş (Parlament) Sədri Talant Mamıtov, Xarici İşlər Naziri Ruslan Kazakbayev və Mərkəzi Seçki Komissiyasının Sədri Nurjan Şayldabekova ilə görüşüb.

Joqorku Keneşin Sədri Talant Mamıtov referendumun ədalətli, sərbəst və şəffaf keçirilməsi məqsədilə bütün zəruri tədbirlərin görüldüyünü, habelə müşahidəçilər üçün lazımi şəraitin yaradıldığını qeyd edib. O, Konstitusiya üzrə referendum təşəbbüsünün 10 yanvar 2021-ci ildə keçirilmiş və seçicilərin əksəriyyətinin prezident idarəetmə formasına səs verdiyi əvvəlki ümumxalq referendumunun məntiqi davamı olduğunu bildirmişdir.

Parlament Sədri TÜRKPA missiyaları tərəfindən üzv ölkələrdə keçirilən seçkilər və referendumların müşahidəsi təcrübəsinin əhəmiyyətini vurğulamışdır.

Xarici İşlər Naziri Ruslan Kazakbayev Qırğız Respublikasında keçirilən referendumun müşahidəsi prosesinə göstərdikləri maraq və iştirakları üçün Missiya üzvlərinə təşəkkürünü bildirmişdir. Referendumu Qırğız Respublikasında mühüm siyasi proses olaraq səciyyələndirən Nazir müşahidəçilərə səsvermənin ədalətli və şəffaf keçirilməsi üçün ölkə rəhbərliyinin hərtərəfli səyləri barədə məlumat vermişdir.

Mərkəzi Seçki Komissiyasının Sədri Nurjan Şayldabekova, xüsusilə logistik və texniki aspketlər də daxil olmaqla müşahidəçilərə referenduma hazırlıqla bağlı ətraflı məlumat verib.

Həmsöhbətlərlə görüşlər zamanı TÜRKPA Missiyası referendum üçün baş tutan yüksək səviyyəli hazırlıqları, xüsusən vətəndaşların səsvermə hüququnun təmin edilməsində müasir texnologiyaların istifadəsi sahəsində nailiyyətləri yüksək qiymətləndirmişdir.

Müşahidəçilər səsvermə prosesinin nəticələrinin ölkənin gələcək inkişafı və çiçəklənməsinə töhfə verəcəyinə ümidlərini ifadə ediblər.

Səsvermə günü TÜRKPA Missiyası Bişkek şəhərində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun səs verdiyi səsvermə məntəqəsini ziyarət edib. Prezident Qırğız Respublikasında referendumun müşahidəsində iştirak edən TÜRKPA Missiyasını salamlamışdır.

Missiya Bişkek şəhərində bir sıra səsvermə məntəqələrini ziyarət edərək səsvermə prosesini bütün mərhələlərdə müşahidə edib. Onlar yerində səs verilməsini izləmiş, səs verənlər, səsvermə məntəqələri rəsmiləri və yerli müşahidəçilərlə söhbətlər aparmışdır. Müşahidə proqramı çərçivəsində Missiya üzvləri yerli KİV nümayəndələrinə müsahibələr veriblər.

Həmçinin TÜRKPA Missiyası MDB Parlamentlərarası Assambleyasının Seçki Müşahidə Missiyası ilə görüş keçirib. Tərəflər referendumun müşahidəsi prosesi və iki təşkilat arasında əməkdaşlığa dair fikir mübadiləsi aparmışdır.

12 aprel 2021-ci il tarixində Missiya müşahidəsinin nəticələrinə dair mətbuat konfransı keçirmiş və Qırğız Respublikasında keçirilmiş 11 aprel tarixli referendumun milli qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirildiyi nəticəsinə gəlmişdir.