Tuesday, 27 July 2021, 19:51:32 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Pİ və BMT Qadınlarının birgə təşkil etdiyi “Gender yönümlü COVID-19 sonrası bərpa” mövzusunda parlamentlərarası dialoqda iştirak edib

7 aprel 2021-ci il tarixində TÜRKPA heyət üzvü Suzanna Kazımova Parlamentlərarası İttifaq (Pİ) və BMT Qadınlarının (UN Women) onlayn formatda birgə təşkil etdiyi “Gender məsələlərinə yönəlmiş COVID-19 sonrası bərpa” mövzusunda parlamentlərarası dialoqda iştirak edib.

Səudiyyə Ərəbistanı Şurasının (Parlamentinin) üzvü xanım Hoda Əl-Helaissinin sədrlik etdiyi iclas yoxsulluğun artması, işsizlik, qadınlara qarşı şiddət də daxil olmaqla, COVID-19 pandemiyasının dünyada qadınlara iqtisadi təsirlərinə istiqamətlənmişdir. İclas iştirakçıları pandemiya şəraitində cari vəziyyət və müxtəlif ölkələrdə qadınların üzləşdiyi çətinlikləri müzakirə etmiş, qadınların sosial müdafiəsi ilə yanaşı, onların iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün görülməli olan gender yönümlü tədbirlər barədə fikir mübadiləsi aparmışdır.

COVID-19 böhranından qaynaqlanan iqtisadi problemlərin həllində həyata keçirilməli dövlət siyasətinin önəmini vurğulayan qadın millət vəkilləri parlamentlərin işi vasitəsilə qanunvericiliyin qəbulu və hüquqi islahatların həyata keçirilməsinin ən yaxşı vasitələrinin müəyyən olunması yolu ilə qadınların iqtisadi gücləndirilməsinin təmin olunması məqsədilə görülmüş gender yönümlü tədbirlərə dair təcrübələrini paylaşmışdır.