Tuesday, 27 July 2021, 18:51:37 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA və ADÖPA birgə virtual parlament iclası təşkil etmişdir

30 mart 2021-ci il tarixində TÜRKPA və Aralıq Dənizi Ölkələri Parlament Assambleyası (ADÖPA) "Dayanıqlı iqtisadi bərpanın formalaşdırılmasında regionlararası əməkdaşlıq" mövzusunda birgə virtual parlament iclası təşkil etmişdir.

İki Assambleyanın ilk birgə təşəbbüsü olaraq iclas COVID-19 pandemiyası və bu baxımdan məhdudlaşdırıcı tədbirlərin mənfi təsirinə məruz qalmış regionların iqtisadi bərpası prosesinin sürətləndirilməsi məqsədilə siyasət və hüquqi strategiyaların mübadiləsi məqsədi daşımışdır.

İclasda TÜRKPA və ADÖPA üzv ölkələrinin millət vəkilləri, parlamentlərarası təşkilatların nümayəndələri daxil olmaqla, 80-dən çox iştirakçı qatılmışdır. Bundan əlavə, Avropa İnvestisiya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Sənaye İnkişafı Təşkilatı kimi regional və beynəlxalq təşkilatların nümayəndələri və yüksək səviyyəli ekspertləri, habelə özəl sektorun nümayəndələri də tədbirdə iştirak edib.

İştirakçılar fiskal və monetar siyasət, yaşıl bərpa və dayanıqlı inkişaf, rəqəmsallaşma və vaksin əməkdaşlığına dair fikir mübadiləsi apararaq çıxış və təqdimatlar etmişdir.

Virtual iclasın davamı olaraq 2021-ci ilin oktyabr ayında iqtisadi bərpa üzrə konfransın keçirilməsi nəzərdə tutulmuşdur.