Tuesday, 27 July 2021, 20:00:23 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA və Qırğızıstan-Türkiyə Manas Universiteti “Türk dünyasının dünəni, bugünü və gələcəyi” mövzusunda simpozium təşkil edib

16-18 mart 2021-ci il tarixində TÜRKPA və Qırğızıstan-Türkiyə Manas Universitetinin birgə təşkilatçılığı ilə Bişkekdə “Türk dünyasının dünəni, bugünü və gələcəyi” mövzusunda simpozium baş tutmuşdur. Manas Universitetinin ev sahibliyi ilə keçirilmiş tədbir türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu ildönümü, Türkiyə Böyük Millət Məclisinin (TBMM) və İstiqlal Marşının (Türkiyə Milli Himni) 100-cü ildönümünə həsr edilmişdir. Üzv ölkələrdən olan millət vəkilləri, Türk əməkdaşlıq təşkilatlarının və elmi dairələrin nümayəndələri tədbirdə iştirak edib.

Manas Universitetinin rektoru və prorektoru Alpaslan Ceylan və Asılbek Kulmırzayev, TÜRKPA baş katibi Altınbek Mamayusupov, TBMM üzvü və TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri İsmet Uçma açılış mərasimində çıxış edib. Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdırali və Türk Mədəniyyət və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva isə açılış mərasiminə onlayn şəkildə qoşulmuşdur. Həmçinin açılış sessiyasında Türkiyə Respublikası Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altunun videomüraciəti təqdim olunmuşdur.

Fəxri qonaqlar qismində Qırğızıstan Respublikası Joqorku Keneşinin sədr müavini Aida Kasımaliyeva tədbirdə çıxış etmiş, TBMM-nin spikeri Mustafa Şentop videomüraciət ünvanlamışdır.

17-18 mart tarixində simpozium “Milli suverenliyin təzahürü kimi TBMM və İstiqlal Marşının qəbulu”, “Müstəqilliklərinin 30-cü ildönümündə türkdilli dövlətlər və parlamentlərin rolu”, “Türk dünyasının ortaq dəyərləri və mədəni irsi” və “Türk dünyasının gələcək perspektivləri: gözləntilər və fürsətlər” mövzusunda dörd panel sessiya ilə davam etmişdir.

İştirakçılar ötən 30 il ərzində türkdilli ölkələrin əldə etdiyi nailiyyətlər, əlaqələrin möhkəmlənməsində Türk institusional əməkdaşlığının rolu, habelə ölkələr arasında gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparmışdır.

Tədbir qiymətləndirmə sessiyası və mükafatlandırma mərasimi ilə başa çatmışdır.