Sunday, 19 September 2021, 16:01:17 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Beynəlxalq Türk Dili (Dilləri) Günü mövzusunda iclasda iştirak edib

10 fevral 2021-ci ildə Baş katibin müavini Ali Yıldız YUNESKO üzrə Türkiyə Milli Komissiyasının təşkil etdiyi Beynəlxalq Türk Dili (Dilləri) Günü təklifi üzrə onlayn məşvərət iclasında iştirak edib.

Türkdilli ölkələrin YUNESKO üzrə Milli Komissiyaları, Türk əməkdaşlıq təşkilatları, Türkiyə Böyük Millət Məclisi, habelə Türkiyənin nazirlik və müxtəlif qurumlarının nümayəndələri iclasda iştirak etmişdir.

İştirakçılar Beynəlxalq Türk Dili (Dilləri) Günü üzrə qərar layihəsinin YUNESKO-ya təqdim edilməsinə dair fikir mübadiləsi apararaq belə bir günün qeyd olunmasının Türk dünyasının tanınmasını yüksəldərək Türk xalqlarının mədəniyyəti və dəyərlərinin təşviqinə töhfə verə biləcəyini qeyd ediblər.

Öz növbəsində, cənab Yıldız təşəbbüsü yüksək qiymətləndirmiş və təşkilatın bu məsələnin müxtəlif aspektlərinin üzv ölkələrdən olan millət vəkilləri və müvafiq ekspertləri bir araya gətirəcək iclasda müzakirə olunmasına hazır olduğunu bildirmişdir. O, Assambleyanın parlament diplomatiyası mexanizmləri vasitəsilə YUNESKO çərçivəsində fəaliyyətlərə dəstək verəcəyini qeyd etmişdir.