Thursday, 12 December 2019, 12:45:20 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA nümayəndə heyəti Pİ-nin Qadın Parlamentarilər Forumunda iştirak edib

13 oktyabr 2019-cu il tarixində, Qırğızıstan Respublikası Joqorku Keneşinin (Parlament) üzvü xanım Aynura Askarovanın başçılıq etdiyi TÜRKPA nümayəndə heyəti Serbiyanın Belqrad şəhərində 141-ci Pİ Assambleyası çərçivəsində baş tutmuş Qadın Parlamentarilərin Forumunda iştirak edib.

Forumda çıxışı zamanı xanım Askarova gender bərabərliyinə nail olunmasında dünya ictimaiyyətinin əlaqəli fəaliyyətinin zəruriliyini qeyd edərək TÜRKPA tərəfindən bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin önəmini vurğulamışdır.

İştirakçılar gender perspektivindən 141-ci Assambleyanın gündəliyində olan "2030-cu ilədək ümumdünya səhiyyə əhatə dairəsinə nail olmaq: Sağlamlıq hüququnun təmin edilməsində parlamentlərin rolu" mövzusunda qərar layihəsini, gender bərabərliyi üçün qanunvericilikdə və bütün qadın və qızların insan hüquqlarından istifadə etməsində hüquqi maneələrin aradan qaldırılmasında parlamentlərin rolunu müzakirə etmişdir.

Tədbir çərçivəsində xanım Askarova Forumun Prezidenti və Serbiya Respublikası Milli Assambleyası Spikerinin müavini xanım Qordana Komiç, həmçinin parlament nümayəndə heyətləri üzvləri ilə görüşmüşdür.

Eləcə də TÜRKPA nümayəndə heyəti Serbiya Respublikası Prezidenti cənab Aleksandar Vuçiçin də iştirakı ilə baş tutan 141-ci Pİ Assambleyasının açılış mərasiminə qatılmışdır.