Thursday, 12 December 2019, 12:03:19 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türk Şurasının 7-ci Zirvə Görüşü Bakıda baş tutmuşdur

Baş katib Altınbek Mamayusupov 15 oktyabr 2019-cu il tarixində, “Kiçik və orta sahibkarlığın dəstəklənməsi” mövzusu ilə Bakıda baş tutmuş Türk Şurasının 7-ci Zirvə Görüşündə iştirak etmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ev sahibliyində keçirilmiş Zirvə Görüşündə Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası cənab Nursultan Nazarbayev, Qırğızıstan Respublikasının Prezidenti cənab Sooronbay Jeenbekov, Türkiyə Respublikasının Prezidenti cənab Recep Tayyip Erdoğan, Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev, eləcə də Türkmənistan Respublikası Baş Nazirinin müavini Purli Aqamuradov qonaq, Macarıstanın Baş Naziri cənab Viktor Orban müşahidəçi qismində və Türk əməkdaşlıq qurumlarının başçıları iştirak etmişdir.

Zirvə Görüşü Türk Şurasının yaradılmasına dair Naxçıvan müqaviləsinin 10 illiyinin qeyd olunması və Özbəkistanın tam hüquqlu üzv olaraq təşkilata qoşulması, Türk Şurasının Budapeştdə yerləşən Avropa ofisinin fəaliyyətinə dair əlavə sənədlərin imzalanması ilə əlamətdar olmuşdur. Cənab Nursultan Nazarbayev Türk Şurasının Fəxri Sədri tituluna layiq görülmüşdür.

Dövlət başçılarına son 6-cı Zirvə Görüşündən sonra Türk Şurası tərəfindən həyata keçirilmiş fəaliyyətlər barədə məlumat verilmişdir. Həmçinin dövlət başçıları türkdilli ölkələr arasında əlaqələrin gələcək inkişafı və çoxşaxəli əməkdaşlığın genişlənməsinə dair fikirlərini ifadə etmişdir.

Zirvə Görüşü dövlət başçıları tərəfindən Bakı bəyannaməsinin imzalanması ilə başa çatmışdır.