Thursday, 12 December 2019, 12:04:15 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş katib Naxçıvan müqaviləsinin 10-cu ildönümünə həsr edilmiş konfransda iştirak edib

3 oktyabr 2019-cu ildə, Baş katib Altınbek Mamayusupov Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) tərəfindən təşkil edilmiş "Türk Şurası: Naxçıvan müqaviləsinin 10 illik yubileyi" adlı konfransda iştirak etmişdir.

Türk əməkdaşlıq təşkilatlarının, üzv ölkələrin, eləcə də Özbəkistan və Macarıstanın beyin mərkəzlərinin nümayəndələri konfransda iştirak etmişdir. BMTM sədri Fərid Şəfiyev, Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov və Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Ramiz Həsənovun açılış nitqlərindən sonra konfrans öz işinə panel sessiyalarla davam etmişdir.

Çıxışında Naxçıvan müqaviləsinin 10-cu ildönümü münasibətilə təbriklərini çatdıran Baş katib bunu türkdilli ölkələr üçün tarixi bir məqam kimi qiymətləndirmişdir. Türk Şurasını könüllülük, konsensus, həmrəylik və şəffaflıq kimi prinsip və ümumi dəyərlər üzərində qurulan regional əməkdaşlığın mühüm aktoru kimi qeyd edən cənab Mamayusupov Özbəkistanın da bir müddət öncə artıq Naxçıvan müqaviləsini ratifikasiya etdiyini bildirmiş və yaxın gələcəkdə Özbəkistan Parlamentinin də TÜRKPA-ya qoşulacağına ümidini ifadə etmişdir. Baş katib TÜRKPA-nın yaradılmasının Türk əməkdaşlığının institutlaşmasında digər bir mühüm mərhələ olduğunu vurğulamış və təşkilatın fəaliyyətləri barədə məlumat vermişdir.