Monday, 21 October 2019, 23:54:01 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Bakıda Qadın Parlamentarilərin Beynəlxalq Konfransı təşkil olunmuşdur

"Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Türk dünyası qadınlarının rolu" mövzusunda Qadın Parlamentarilərin Beynəlxalq Konfransı 14 iyun 2019-cu ildə Bakıda təşkil olunmuşdur. Konfransın təşkilini TÜRKPA və Azərbaycan Respublikasının Milli Məclisi birgə həyata keçirmişdir.

TÜRKPA üzv ölkələrinin parlament nümayəndə heyətləri, üzv ölkələrin, eləcə də Türkmənistan və Macarıstanın Bakıdakı səfirləri və akkreditasiyadan keçmiş diplomatik korpusunun nümayəndələri, beynəlxalq təşkilatlar, Azərbaycanın dövlət qurumları və QHT-lərin nümayəndələri konfransda iştirak etmişdir.

Açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini xanım Bahar Muradova, TÜRKPA baş katibi cənab Altınbek Mamayusupov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova, Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü xanım Güljan Karaqusova, Qırğızıstan Respublikası Joqorku Keneşinin üzvü xanım Aynuru Altıbayeva, Türkiyə Böyük Millət Məclisi və TÜRKPA-nın Hüquqi Məsələlər və Beynəlxalq Əlaqələr Komissiyasının üzvü xanım Nurhayat Altaca Kayışoğlu, Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondunun Prezidenti xanım Günay Əfəndiyeva və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi cənab Qulam İsakzai çıxış etmişdir.

İştirakçıları salamlayan xanım Bahar Muradova Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında TÜRKPA üzv ölkələri qadın parlamentarilərinin oynaya biləcəyi mühüm rolu qeyd etmişdir. Vitse-Spiker həm beynəlxalq, həm də regional problemlərin müzakirəsini əhatə etməsi baxımından konfransın əhəmiyyətini vurğulamışdır.

Baş katib cənab Altınbek Mamayusupov öz çıxışında türkdilli ölkələrdə qadınların mühüm rolunu vurğulamış və türk xalqlarının ailə dəyərlərində oxşarlıqlara toxunmuşdur. Dünya gündəmində gender bərabərliyi məsələsinin öz aktuallığını qoruduğunu vurğulayan cənab Mamayusupov konfransı gender məsələlərinin, eləcə də bu sahədə üzv ölkələrin milli qanunvericiliyinin yaxınlaşdırılması imkanlarının müzakirə edilməsi üçün platforma kimi qiymətləndirmiş və təşkilatın gender sahəsində fəaliyyət göstərən digər təşkilatlarla əməkdaşlığa hazır olduğunu diqqətə çatdırmışdır.

Azərbaycan gender bərabərliyinə nail olunması üçün əlverişli hüquqi-normativ bazanın mövcud olduğunu qeyd edən xanım Hicran Hüseynova bu sahədə Birinci Vitse-Prezident xanım Mehriban Əliyevanın xüsusi rolunu vurğulamışdır.

Açılış mərasimindən sonra konfrans "Türkdilli ölkələrdə gender bərabərliyi üçün daha çox imkanların yaradılması: Dayanıqlı inkişaf istiqamətində addımlar" və "TÜRKPA Türk dünyası qadınları arasında dialoqun gücləndirilməsi üçün platforma kimi: Gələcəyə baxış" mövzularında iki panel sessiya ilə işinə davam etmişdir. Panel sessiyalarda moderatorlar müvafiq olaraq Qırğızıstan Respublikasının ictimai xadimi xanım Roza Aknazarova və Milli Məclisin və TÜRKPA-nın Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının üzvü xanım Sevinc Hüseynova olmuşdur. Sessiyalar zamanı iştirakçılar çıxışlar etmiş və mövzuya dair fikir mübadiləsi aparmışdır.

Konfrans yekun sənəd - Bakı Bəyannaməsinin qəbulu ilə başa çatmışdır.