Tuesday, 22 October 2019, 01:13:22 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA missiyası Qazaxıstanda seçkiləri müşahidə etmişdir

TÜRKPA beynəlxalq müşahidəçilər missiyası 9 iyun 2019-cu ildə Qazaxıstanda keçirilmiş erkən prezident seçkilərini müşahidə etmişdir. Missiyaya Azərbaycan, Qırğızıstan və Türkiyədə olan parlamentarilər, eləcə də TÜRKPA Katibliyinin diplomatik heyəti daxil olmuşdur.

Müşahidəçilər seçki prosesini bütün mərhələlərdə izləmək imkanı əldə etmişdir. TÜRKPA missiyası ilk dəfə ölkə daxilində müxtəlif yerlərdə seçki müşahidəsini həyata keçirməklə Nur-Sultan, Almatı, Şimkent və Türkistanda seçki məntəqələrini ziyarət etmişdir.

Müşahidəçilər səsverməni izləmiş, seçicilər və məntəqə rəsmiləri ilə söhbət etmişdir. Həmçinin onlar bir sıra məntəqələrdə səslərin sayılması və hesablanması prosesini müşahidə etmişdir.

Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına əsasən, təqribən seçicilərin 77,4%-i seçkidə iştirak etmiş, 69,94%-i isə Kasım-Jomart Tokayevə səs vermişdir.

Seçki günündən öncə, missiya Xarici İşlər Naziri, Mərkəzi Seçki Komissiyasının sədr müavini və siyasi partiyaların nümayəndələri ilə görüşmüşdür. Seçkidən sonrakı gün missiya mətbuat konfransı keçirərək seçki prosesini qiymətləndirməsini çatdıracaqdır.