Wednesday, 16 October 2019, 18:18:51 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA beynəlxalq müşahidəçilər missiyası Nur-Sultanda görüşlər keçirmişdir

TÜRKPA beynəlxalq müşahidəçilər missiyası 9 iyun 2019-cu ildə keçiriləcək erkən prezident seçkilərinin qısamüddətli müşahidəsi məqsədilə Nur-Sultan şəhərinə gəlmişdir. Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, TÜRKPA-nın Hüquqi Məsələlər və Beynəlxalq Əlaqələr Komissiyasının sədri cənab İsmet Uçmanın rəhbərlik etdiyi missiya Azərbaycan, Qırğızıstan və Türkiyə parlamentlərinin üzvləri, eləcə də TÜRKPA Katibliyinin diplomatik heyətindən təşkil olunmuşdur.

7 iyun tarixində, missiya üzvləri Qazaxıstan Respublikası Xarici İşlər Naziri cənab Beybut Atamkulov və Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini cənab Konstantin Petrov ilə görüşmüşdür. Görüşlər zamanı missiyanın həmsöhbətləri ədalətli, demokratik və şəffaf seçkilərin keçirilməsi baxımından Türk əməkdaşlığının parlament ölçüsünün seçkiləri müşahidə etməsinin önəmini vurğulamışdır. MSK-nın sədr müavini, xüsusən, logistik və texniki məsələlər olmaqla, müşahidəçilərə seçkilərə hazırlıqla bağlı həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.

Missiya rəhbəri cənab Uçma müşahidə missiyası üçün yaradılan şəraitə görə təşəkkür etmiş və Qazaxıstan naminə seçkilərin ədalətli, azad və şəffaf şəkildə keçiriləcəyindən əminliyini ifadə etmişdir.

Eyni gündə müşahidəçilər "Qazaxıstan Respublikası Həmkarlar İttifaqları Federasiyasının" qərargah rəisi cənab Bakıtjan Abdiraim, "Qazaxıstan Ak Jol Demokratik Partiyasının" lideri cənab Azat Peruaşev və partiyanın namizədi xanım Daniya Yespayeva, eləcə də 8 iyun tarixində, "Nur Otan" Partiyasının katibi cənab Farxad Kuanqanov ilə görüşlər keçirmişdir. Siyasi partiya rəsmiləri müşahidəçilərə seçki platformaları və partiya siyasətlərinin əsas aspektləri barədə məlumat vermişdir.

Səsvermə günü missiya Nur-Sultan, Almatı, Şimkent və Türkistanda seçkiləri müşahidə edəcəkdir. Seçki prosesinin qiymətləndirilməsi ilə bağlı yekun rəy 10 iyun tarixində, TÜRKPA beynəlxalq müşahidəçilər missiyasının mətbuat konfransı zamanı təqdim ediləcəkdir.