Tuesday, 22 October 2019, 00:04:47 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Ankarada Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının iclası keçirilib

16 may 2019-cu ildə, Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) ev sahibliyində TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər Komissiyasının yeddinci iclası keçirilmişdir. İclas gündəliyinin əsas mövzusu “BMT-nin Dayanıqlı İnkişaf Hədəfləri çərçivəsində gender məsələləri. TÜRKPA üzv ölkələrində müasir ailələrin mədəni kimliyi (qanunvericilikdə perspektivlər)” olmuşdur.

Üzv ölkələrdən olan parlamentarilər və ekspertləri, üzv ölkələrin Ankarada akkreditə olunmuş diplomatik korpusunun nümayəndələri, eləcə də digər qonaqları bir araya gətirən iclasa Komissiyanın sədr müavini və Azərbaycan Respublikası Milli Məclisinin (Parlament) üzvü Sevinc xanım Hüseynova sədrlik etmişdir.

İştirakçılar istənilən cəmiyyətin özəyi kimi ailənin və ailə iqtisadiyyatının gücləndirilməsi, o cümlədən, cəmiyyətin müsbət mədəni kimliyinin qorunmasının əhəmiyyətini qeyd etmişdir. Sosial-iqtisadi inkişafın aparıcı qüvvəsi kimi gender bərabərliyinin önəmini vurğulayaraq onlar BMT-nin Dayanıqlı İnkişaf Hədəfləri çərçivəsində gender məsələləri ilə bağlı Türkdilli ölkələrdə ailə dəyərləri və mədəni kimlik məsələlərinə toxunmuş, mözvu ilə bağlı milli qanunvericilikdə perspektivlər və milli siyasət məsələlərini müzakirə etmiş, həmçinin üzv ölkələr arasında ailələrin həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş əməkdaşlıq, məlumat mübadiləsi və birgə fəaliyyət haqqında fikir mübadiləsi aparmışdır.

2019-cu ildə Azərbaycanda keçiriləcək TÜRKPA-nın Doqquzuncu Plenar İclasına təqdim edilməsi üçün Komissiya mövzu ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarını təsdiq etmişdir.

İclasın sonunda ailə fotosu çəkilmişdir.