Wednesday, 16 October 2019, 19:11:46 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Bakı Mәdәniyyәtlərarası Dialoq üzrә 5-ci Dünya Forumuna ev sahibliyi etmişdir

TÜRKPA-nın Komissiya sədri cənab Sadık Şer-Niyaz və baş katib cənab Altınbek Mamayusupov 2-3 may 2019-cu il tarixlərində Bakıda keçirilməkdə olan Mədəniyyətlərarası Dialoq üzrə 5-ci Dünya Forumunda iştirak etmişdir. "Ayrıseçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı ilə keçirilən Forum YUNESKO, BMT Sivilizasiyalar Alyansı, BMT Dünya Turizm Təşkilatı (DTT), Avropa Şurası, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycan hökuməti tərəfindən təşkil olunmuş və 100-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilatın yüksək dərəcəli rəsmilərini bir araya gətirmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev açılış mərasimində iştirak edərək çıxış etmişdir. Açılış mərasimindən sonra forum öz işinə sessiya iclaslarla davam etmişdir. Bundan əlavə, forum çərçivəsində beynəlxalq təşkilat rəhbərlərinin yüksək səviyyəli görüşü və nazirlərin görüşü də baş tutmuşdur.

Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevin sədrlik etdiyi və nazirlər, hökumət rəsmiləri və forumda iştirak edən beynəlxalq təşkilatların yüksək dərəcəli rəsmilərinin qatıldığı nazirlərin yüksək səviyyəli görüşündə iştirak edən TÜRKPA-nın Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının sədri və Qırğızıstan Respublikası Joqorku Keneşinin üzvü cənab Sadık Şer-Niyaz çıxışla yadda qalmışdır. Öz çıxışında forumu dünya ictimaiyyətinin siyasi, iqtisadi, elmi və mədəni elitası arasında qlobal dialoqa nail olunması üçün platforma kimi yüksək qiymətləndirən cənab Şer-Niyaz türkdilli ölkələrdə dini və etnik müxtəlifliyə sahib əhalinin birlikdə sülh və harmoniya şəraitində yaşadığını və ölkələrin bütün səviyyələrdə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə mühüm əhəmiyyət verdiyini qeyd etmişdir.

Forum çərçivəsində qonaqlar üçün müxtəlif sərgilər və musiqi proqramları təşkil olunmuşdur. Həmçinin tədbir BMT-nin rəsmi veb saytında yayımlanmaqdadır.