Tuesday, 22 October 2019, 00:57:46 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş katib ATƏT PA Konfransında iştirak edib

Baş katib Altınbek Mamayusupov 29-30 aprel 2019-cu ildə Belarusun Minsk şəhərində keçirilən ATƏT PA İpək Yolu Dəstək Qrupunun "Kəmər və Yol: Dayanıqlı inkişaf və çiçəklənmə üçün əməkdaşlığın dərinləşməsi" mövzusunda beynəlxalq parlament konfransında iştirak etmişdir. Həmçinin konfransda nazirlər, parlamentarilər, beynəlxalq təşkilat rəhbərləri və digər vəzifəli şəxslər də iştirak etmişdir.

Baş katib konfransda çıxış etmişdir. TÜRKPA üzv ölkələri üçün İpək Yolunun xüsusi əhəmiyyətini vurğulayan cənab Mamayusupov üzv ölkələrin yol boyunca öz nəqliyyat, tranzit və turizm potensialının üstünlüklərindən faydalanmaq marağında olduğunu diqqətə çatdırmışdır. Baş katib TÜRKPA-nın parlamentlərarası təşkilat olaraq hüquqi dəstək və hüquqi çərçivənin yaxınlaşdırılması vasitəsilə qədim İpək yolunun praktiki dirçəlməsinə töhfə verməyə hazır olduğunu qeyd etmişdir.

Açılış mərasimindən sonra konfrans öz işinə "İştirakçı ölkələrin investisiya cəlbediciliyinin yüksəldilməsi və iqtisadi artımın faktoru kimi Kəmər və Yol təşəbbüsünün həyata keçirilməsi: Çətinliklər və inkişaf yolları", "Beynəlxalq infrastruktur layihələrinin - Kəmər və Yol təşəbbüsünün uğurunun əsası kimi həyata keçirilməsi" və "İştirakçı ölkələrin turizm cəlbediciliyinin və humanitar əməkdaşlığın genişləndirilməsi üçün Kəmər və Yol təşəbbüsünün potensialının istifadə edilməsi" başlıqlı 3 panellə davam etmişdir.

Konfrans Minsk bəyannaməsinin qəbulu ilə başa çatmışdır.