Monday, 27 January 2020, 23:08:02 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

138-ci Parlamentlәrarası İttifaq (Pİ) Assambleyası keçirilmişdir

24-28 mart, 2018-ci il tarixlərində İsveçrənin Cenevrə şəhərində 138-ci Parlamentlәrarası İttifaq (Pİ) Assambleyası və əlaqədar iclaslar baş tutmuşdur.

Assambleyanın gündəliyi miqrasiyaya dair qlobal razılığa parlament töhfəsi, davamlı inkişafa nail olunması məqsədilə sülhün bir vasitə kimi istifadəsi, siyasətdə qadınların az iştirakının aradan qaldırılması, bərpa olunan enerjinin inkişafına özəl sektorun cəlb olunması, davamlı və möhkəm cəmiyyətlərin qurulması kimi mühüm məsələləri əhatə etmişdir. İclaslarda 100-dən çox ölkədən millət vəkilləri və beynəlxalq təşkilat nümayəndələri iştirak etmişdir.

İdarəetmə Şurası, Daimi Komitələr, Parlamentarilərin İnsan Hüquqları üzrə Komitələri, Yaxın Şərq Məsələləri üzrə Komitələr, eləcə də Qadın Parlamentarilər Forumu və Gənc Parlamentarilər Forumu daxil olmaqla Pİ çərçivəsində fəaliyyət göstərən orqanların iclasları müzakirə edilmiş məsələlər üzrə hesabat və bəyannamələrin qəbulu ilə yekunlaşmışdır.

TÜRKPA Baş katibinin müavini cənab Ali Yıldız TÜRKPA-nı 138-ci Pİ Assambleyasında təmsil edərək Parlament Baş Katibləri Assosiasiyasının (PBKA) iclaslarında da iştirak etmişdir. Öz təqdimatında cənab Yıldız TÜRKPA-nın yaradılması, strukturu və fəaliyyətləri, eləcə də TÜRKPA üzv parlamentlərinin innovativ fəaliyyətləri və cəmiyyətin bu prosesə cəlb olunması təcrübəsi barədə məlumat vermişdir.